Sentyabrın 13-də Azərbaycanın dünya şöhrətli bəstəkarı Arif Məlikovun ad günü münasibətilə Rəşid Behbudov adına Mahnı Teatrında konsert keçirilib. Konsertdə Arif Məlikovun musiqiləri Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun ifasında səslənib. Vokalçını dirijor Cavad Tağızadənin idarəsi ilə Azərbaycan Televiziya və Radiosunun Tofiq Əhmədov adına Estrada Simfonik Orkestri müşayiət edib.
Proqramda Arif Məlikovun “Dənizdə ay çiməndə”, “Gözlərinin dünyası”, “Təzə ilim”, “Yaşatdı məni”, “Azərbaycan”, “Qonaq gəl bizə” və digər mahnıları səslənib.
Tədbirdə 83 yaşını tamamlayan sənətkarın özü də iştirak edib. Arif Məlikov konsertə görə minnətdarlığını bildirib: “Bu konsert ad günümdə mənim üçün ən dəyərli və gözlənilməz hədiyyələrdən biri oldu. Konsertdə ifa edilən musiqilərin hər birini Ramil özü seçib və seçimi çox gözəl aparıb. Onun hər bir ifasında keçmişə qayıtdım, o günləri xatırladım”.
Bəstəkar hər bir insanın ürəyində arzuların olduğunu bildirib: “Bu arzular həyata keçəndə insan sevinir. Dünyanın ən mötəbər səhnələrində 55 ilə yaxın “Məhəbbət əfsanəsi” yaşayır. Dünyanın 60-a yaxın teatrında bu baletin premyeraları keçirilib”.
Sənətkarı ad günü münasibətilə təbrik edən Ramil Qasımov şedevr əsərlərə görə ona təşəkkürünü bildirib: “Arif Məlikov musiqiləri ilə hər kəsin ürəyini fəth edib. O, bəstəkar kimi hər zaman yazdığı musiqilərin sözlərinə önəm verib. Arif müəllimin hər bir musiqisi sözlə vəhdət təşkil edir”.

Lalə