Parisin “Reservoir” klubunda istedadlı bəstəkar və pianoçu Etibar Əsədlinin konserti olub. Konsertdə azərbaycanlı musiqiçini Linley Marthe (bass) və Tilo Bertholo (zərb alətləri) müşayiət edib.
Kluba toplaşan musiqisevərlərə Azərbaycan milli musiqisinin Qərb caz sənətinin ritmik çalarları ilə ahəngli sintezindən ibarət konsert təqdim olunub. Etibar Əsədlinin bəstələdiyi “İthaf”, “Həftəsonu”, “Gecikirəm” mahnıları, eləcə də onun aranjimanında “Qara qaşın vəsməsi”, “Əlində sazın qurbanı”, “Lay-lay” Azərbaycan xalq mahnıları səsləndirilib. Konsertdə həmçinin bəstəkarın atası Sahib Əsədlinin muğam janrında bəstələdiyi “Nəzr eyləmişəm” kompozisiyası ifa edilib.
Bakıdakı Bülbül adına Orta ixtisas musiqi məktəbində klassik piano təhsili alan Etibar Əsədli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini bitirib. Hazırda Fransada yaşayan gənc bəstəkarın “EDY” adlı studiyası var. O, eyni zamanda Paris Didier Lockvood Musiqi Mərkəzində təhsilini davam etdirir.