Oktyabrın 5-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Xalq artisti Munis Şərifovla görüş keçirildi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışdı.
Bildirdi ki, Munis Şərifov musiqi mədəniyyətimizdə xidmətləri olan sənətkardır. Onun zəhməti dövlət tərəfindən dəyərləndirilib və bu il 18 sentyabr - Milli musiqi günü ərəfəsində ölkə rəhbərliyinin sərəncamı ilə Xalq artisti fəxri adına layiq görülüb. O, muzeyin Qədim musiqi alətləri ansamblının bədii rəhbəri və konsertmeysteri olmaqla yanaşı, Azərbaycanda yeganə çəqanə ifaçısıdır.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Xalq artisti Möhlət Müslümov, Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı çıxış edərək Munis Şərifovu fəxri ad alması münasibətilə təbrik etdilər. Çıxışlar ifaçının həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.
Tədbirin bədii hissəsində muzeyin Qədim musiqi alətləri ansamblının solisti, Əməkdar artist Teyyub Aslanov, müğənni Təhmiraz Şirinov, Əməkdar artist Zakir Əliyevin musiqili təbrikləri səsləndi.
Sonda Xalq artisti Munis Şərifov çıxış edərək sənətinə verilən qiymətə, musiqi xadimlərinə qayğı və diqqətinə görə ölkə Prezidentinə dərin minnətdarlığını bildirdi.
Lalə Azəri