Builki konsertlər Rəşid Behbudov və Cemaliye Kıyıcının xatirəsinə həsr edilib

Türk xalqları arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi və ümumtürk irsinin dünyaya tanıdılması üçün bir sıra layihələrə imza atan TÜRKSOY-un növbəti "Opera günləri" 8-11 oktyabr tarixində keçirilib. 19-cu dəfə təşkil olunan opera günləri Azərbaycanın dünya şöhrətli müğənnisi Rəşid Behbudovun və Şimali Kiprin opera sənətkarı Cemaliye Kıyıcının xatirəsinə həsr olunub.
Ənənəvi olaraq builki konsertlərə də TÜRKSOY ölkələrindən bənzərsiz səs sahibləri qatılıb. Ölkəmizi Akademik Opera və Balet Teatrının aparıcı solistləri Azər Zeynalov və Afaq Abbasova təmsil ediblər.
Proqramın Şimali Kipr konsertləri oktyabrın 8-də Qazimağusada “Otello qalası”nda, oktyabrın 9-da isə Bellapais monastırında reallaşdırılıb. Konsert proqramları böyük coşqu ilə qarşılanıb.
Bu konsertlərdən sonra Türkiyəyə gələn opera ulduzları oktyabrın 11-də İstanbulun “Grand Pera” səhnəsində sənətsevərlərin qarşısına çıxıblar. İstanbul Dövlət Opera və Balet Orkestrinin müşayiəti ilə başlayan tarixi konsert türk respublikalarının müstəqilliklərinin 25-ci ilinə ithaf edilib.

Mehparə Sultanova
Ankara