Paytaxtımızda növbəti beynəlxalq caz festivalı keçirilir

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə ənənəvi Bakı Beynəlxalq Caz Festivalına start verilib.

Festivalın açılışından əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bu musiqi bayramının əhəmiyyətindən söz açıb. Nazir deyib ki, budəfəki festival geniş proqramı və mahiyyəti baxımından əvvəlkilərdən fərqlənir. Bu dəfə ustad dərslərinə xüsusi önəm veriləcək. Bununla yanaşı, gənc caz ifaçıları üçün müsabiqə keçiriləcək. İlk dəfə olaraq bu festival çərçivəsində caz mövzusuna aid bir neçə sərgi açılacaq. Eyni zamanda kinematoqrafiya və musiqinin vəhdətinin eksperiment təqdimatı da nəzərdə tutulur. Vurğulanıb ki, festivalda 10-dan çox ölkədən caz ifaçıları paytaxtımızın qonağıdır.
Azərbaycanda cazın zəngin tarixi olduğunu söyləyən Əbülfəs Qarayev deyib ki, vaxtilə Tofiq Quliyev, Niyazi, Tofiq Əhmədovun rəhbərliyi altında ölkəmizdə çoxlu caz kollektivləri fəaliyyət göstərib. Azərbaycanın adı caz musiqi aləmində Vaqif Mustafazadə və Rafiq Babayevin adları ilə çox məşhurlaşmışdı. Bakı SSRİ məkanında ən qabaqcıl caz məkanlarından sayılırdı. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə bu musiqiyə maraq artıb. Gənc nəsil bu janrda istedadlarını sınamaq üçün müxtəlif müsabiqələrdə iştirak edir. Azərbaycan ifaçıları dünyanın ən mötəbər caz yarışmasına - Montre festivalına qatılır. Bu da onların dünya miqyasında tanınmasına imkan yaradır. Bildirilib ki, Bakı Caz Festivalı dünya musiqiçiləri arasında tanınır. Onlarla məşhur ifaçı ölkəmizdə olub. Onlar artıq Azərbaycanı caz ölkəsi kimi qəbul edirlər.
Festivalın açılış konsertində Braziliyadan Qabriel Qrossi triosu çıxış edib. Cazsevərlər musiqi axşamından böyük zövq alıblar.
Qeyd edək ki, həmin gün Heydər Əliyev Sarayında gənc azərbaycanlı caz ifaçılarının konserti də təşkil olunub. Sarayın mətbuat xidmətindən bildirilib ki, “jAzzeri Bands” caz musiqisi axşamında ifaçılar öz repertuarlarından musiqiləri və Azərbaycan caz kompozisiyaları ilə yanaşı, dünyaca məşhur caz ustalarının əsərlərini səsləndiriblər.
* * *
Bakı Caz Festivalı çərçivəsində Gürcüstanın tanınmış caz musiqiçisi İrakli Koiavanın konserti olub. İçərişəhərdə «Art Garden» məkanında çıxış edən musiqiçi deyib: «Mən Azərbaycan cazına yaxşı bələdəm. Rain Sultanov və Şahin Növrəsli ilə birlikdə buraxdığımız albomda musiqini, sevgi və dostluğu birləşdirməyə nail olmuşuq».
* * *
Oktyabrın 24-də tanınmış Fransa cazmeni Pyer de Tregomenin kvarteti “Landmark Rotunda” caz klubunda konsert proqramı ilə çıxış edib. Pyerin vokal ifası, musiqiçilər Arno Qransak (fortepiano), Ble Şevalyö (kontrabas) və Simon Bernye (zərb alətləri) dinləyicilərə əsl sənət zövqü yaşadıb. Azərbaycan musiqisevərləri Pyer de Tregomeni xanəndə Qoçaq Əsgərov ilə işbirliyindən tanıyırlar. Yeri gəlmişkən, gələn ay hər iki sənətçi yenidən bir konsertdə çıxış edəcək.
Oktyabrın 25-də isə Pyer de Tregomen Azərbaycanın gənc caz müğənniləri üçün ustad dərsi keçib. O, Azərbaycan caz sənətində Vaqif Mustafazadənin, onun qızı Əzizə Mustafazadənin ifalarını bəyəndiyini, həmçinin “Bayatı-Şiraz” və “Bayatı-kürd” muğamlarından zövq aldığını söyləyib. Gənclərin xahişi ilə bir parça muğam oxuyan qonaq fransız musiqisini də gənclərlə birgə ifa edib.

G.Mirməmməd