Aprelin 17-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tanınmış yazıçı, uşaqlar üçün çoxsaylı əsərlər müəllifi Zahid Xəlilin 70 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.
   
   Tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq, yubilyarı oxucuların ən əziz dostu adlandırdı: «Zahid Xəlil bütün uşaqların, o cümlədən də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının ən əziz dostudur. Onun çoxsaylı əsərlərinə uşaqlar yaxşı bələddirlər”. Direktor yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verdi.
   Sonra uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli yazıçının yaradıcılığından söz açdı. Onun şair, nasir, jurnalist, dramaturq kimi çoxşaxəli fəaliyyətindən danışdı, maraqlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü: “Zahid müəllim ədəbiyyata təsadüfi gəlməyib. O, Yevlaxda 10-cu sinifdə oxuyarkən zavodlardan birinin Mədəniyyət evində «Vaqif» tamaşası səhnəyə qoyulur. Zahid müəllim də Qacar rolunu oynayırmış. Tamaşada səhnələrin birində Zahidin əlindəki taxta qılınc yerə düşür. O isə özünü itirmir. Səməd Vurğunun sözlərinə əlavə edərək «Artıq qılıncım da düşür əlimdən, niyə yaşayıram, niyə sağam mən” deyir. Tamaşaçı bunu başa düşmür. Amma o həmin vaxt şairliyini göstərmişdi».
   F.Əsgərli daha sonra uşaqların Z.Xəlilə olan sevgisindən danışdı. Bildirdi ki, bu heç də təsadüfi deyil: «Zahid müəllimin gözəl müşahidə qabiliyyəti var. Hər bir təbiət mənzərəsini gözəl təsvir edir. Uşaqlar onun əsərlərini daha tez qavrayırlar”.
   Qeyd olundu ki, ədib 80-ci illərədək şeirlər yazıb. Onun «Quşlar, quşlar», «Torağaylar oxuyur», «Mən rəngləri tanıyıram» və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb: “Zahid müəllim 20 ilə qədər şeirlə məşğul olduqdan sonra nəsr əsərləri yazmağa başladı. «Ballıca» adlı ilk nəsr əsəri 40 min tirajla çap olundu və bir aya bütün tiraj satılıb qurtardı. Onun nəsrdəki uğuru da göz qabağındadır».
   Digər çıxış edənlər də Z.Xəlilin uşaq ədəbiyyatına verdiyi töhfələrdən danışdılar. Tədbirdə 193 və 53 saylı orta məktəbin şagirdləri Z.Xəlilin şeirlərini söylədilər, səhnəciklər nümayiş etdirdilər. Uşaqlar sevimli yazıçılarını hədiyyə yağışına tutdular. Tədbirdə Z.Xəlilin həyat və yaradıcılığını əks etdirən slayd-şou da nümayiş olundu.
   
   G.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar