Baba Mahmudoğlunun nəşi ölümündən
2 il sonra doğulduğu Qazax torpağına qovuşdu

Bu, bir adətə dönmüşdü - Baba, xarici ölkələrə qastrollara gedəndə həmişə o, yola salırdı. Həsrətlə vüsalın qoşa yaşadığı hava limanı neçə dəfə, nə qədər qəlb kövrəldən duyğular yaşadıb ona. İlin bütün fəsillərində olub burda. Eyni hisslər, eyni duyğular. Hava limanında yay-qış bilinməz ki! Burda daim bir fəsil hökm sürür. Bu fəsildə isə bürkü ilə soyuq yanaşı  olur həmişə. Baba haqq dünyasına  qovuşandan sonra hava limanına ayağı dəyməyib. Bəzən hansısa qohum-qardaşa görə bura gəlməyə ehtiyac olsa da, fikrindən daşınıb, daha doğrusu, özü ilə bacarmayıb. O, burdan yalnız Babanı yola salıb, Babanı qarşılayıb. Bu sırada birinci də, sonuncu da Baba olub. Lap doğma oğluna, nəvəsinə görə də nə vaxtsa  bu sıranı pozmaq fikri yoxdu. Heç bunu ağlına da gətirmir belə…

… Amaliya xanım Şuşanın Çökək deyilən məhləsində dünyaya göz açıb. Atası Əvəz Cəfərzadə su qurğuları tikintisi üzrə respublikanın ilk mühəndislərindən olub. Aran, dağ Qarabağda onu tanımayan yox idi. 50 il Füzulidə - özündə 5 rayonu birləşdirən Suvarma Sistemləri  İdarəsinin rəisi işləyib. Ailədə 8 uşaq olublar.  Amaliya xanım 1956-cı ildə orta məktəbi bitirib. Bir il sonra Pedaqoji İnstitutun kimya-biologiya fakültəsinə qəbul olunub.


Baba Mahmudoğlu ilə tanışlığını Amaliya xanım belə xatırlayır:
- Keçmiş Lenin prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Sizə qəribə gəlməsin, bu, Babanın xarakterindən irəli gəlirdi. Birgə yaşadığımız illər mən bir daha bunun şahidi oldum. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Toyumuz 1962-ci ildə oldu. 1964-də qızım Aygün, üç il sonra oğlum Aydın dünyaya gəldi. Baba da özünü evin "üçüncü uşağı" adlandırırdı. Uşaq kimi təmiz və səmimi idi. Bədii, tarixi, fəlsəfi və siyasi əsərlərlə zəngin bir kitabxanamız var evdə. Dünya fəlsəfə tarixini çox gözəl bilirdi.

Fəlsəfədən müdafiə eləmək istəyirdi. Otuz adda qəzet-jurnal alırdı. Çoxu da Moskva nəşrləri idi. Biz - Baba, mən və övladlarımız  mütaliə xəstəsi olmuşuq. Bu da bizə Babadan keçib. Qohum-qardaş, dost-tanış, kim bizə gələrdisə, həmişə əlimizdə kitab görərdi. Baba tək mənim həyat yoldaşım, gözəl xanəndə yox, həm də həssas ürək sahibi, gözəl bir insan idi. Hər şeydən əvvəl xoş sözü var idi dilində.


- Amaliya xanım danışdıqca mən xanəndə Baba Mahmudoğludan daha çox bu qadın haqqında düşünməyə başladım. Bir az qabağa gedib deyim ki, Baba Mahmudoğlu dünyasını dəyişəndə vəsiyyətinə və Amaliya xanımın istəyinə rəğmən qohum-qardaş məşhur xanəndəni Qazaxda deyil, Xırdalanda dəfn edirlər. Təbii ki, ömrünü şam kimi gilə-gilə yolunda əritdiyi ərinin son arzusunu yerinə yetirməmiş Amaliya xanım rahatlıq tapa bilməzdi. Bugünlərdə o, ərinin vəsiyyətini həyata keçirir - Baba Mahmudoğlunun nəşini onun böyüyüb boya-başa çatdığı Qazağın Muğanlı kəndində, ata-anasının uyuduğu torpağa tapşırır.


Yana-yana danışması, ərinə olan qibtəediləsi böyük məhəbbəti, dərin hörməti bu qadını düzü, gözümdə - qoy Amaliya xanım məni bağışlasın - Baba Mahmudoğlu mərtəbəsindən yuxarı qaldırmışdı. Şeyx Şamilin, dekabristlərin mərdlik, ləyaqət simvollarına dönən, adlarına əfsanələr qoşulan böyük şəxsiyyətlərin qadınlarını xatırladım. Baxışlarına, paltarlarına Babasızlığın kədəri  çökmüş bu qadın  yavaş-yavaş gözümdə vəfa, sədaqət heykəlinə çevrilirdi.


- Baba mənim həyatım idi. Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər. Babanın dostları gələrdi bizə. Nüsrət Kəsəmənli də Baba ilə dostluq edərdi. Ailəmizdəki mehriban münasibəti görən Nüsrət bir dəfə dedi ki, "mən də subaylığın daşını atacağam, evlənəcəyəm".


- Amaliya xanım sevimli ömür-gün yoldaşının bir vaxtlar ona yazdığı məktubları, şeirləri əziz yadigar kimi qoruyub saxlayır. Bəxtəvər günlərin işığı, sevgi dolu bir ürəyin çırpıntıları, saf məhəbbətdən yoğrulmuş duyğuların istisi hopub bu yazılara. Kövrək ovqata köklənmiş söhbətimizə bir şuxluq qatmaq istəyirəm.


Amaliya xanım, Baba Mahmudoğlunun sizdən başqa sevdiyi qadın olmayıb?


- Gülümsəyir. Üz-gözündəki nisgili işıqlı bir təbəssüm əvəz eləyir. Bəlkə də ona belə bir sual verəcəyimi düşünmürdü.


- Yox, ətrafında "sarı çiçəklər" çox idi. Ancaq mən ona inanırdım. Bilirdim ki, onun əbədi, solmaz "ağ çiçəyi" mənəm.


- Amaliya xanımın səsindəki  sevinc çaları yenə əriyir. Gözləri yol çəkir. Birdən mənə elə gəldi ki, o ürəyində "danışım-danışmayım?" sualına cavab axtarır. Bəlkə də bu belə deyildi. Hər halda, mən susmağa üstünlük verdim.


- Bilirsiniz, Baba çox kasıb ailədə doğulmuşdu. Atası müharibədə həlak olmuşdu. Çətinliyi, ehtiyacı görmüş adam idi. Ona görə də duz-çörəyin, ev-eşiyin, ailənin qədrini bilirdi. Dünya malında gözü yox idi. Evə mən baxırdım. Fikri-zikri öz sənəti ilə bağlı idi. Yüz il qalaydı, soruşmazdı ki, o pul necə oldu, nəyə xərclədin? Belə şeylər bilməzdi. 35 il Neft-Kimya Prosesləri İnstitutunda işlədim. 44 il birgə ömür sürdük. Ondan kobudluq görmədim, acı söz eşitmədim.


- Amaliya xanım söhbətinə ara verir. Ürəyində yəqin ki, nələri danışacağını götür-qoy edir. Mən suala ehtiyac görmürəm. Çünki hiss edirəm ki, o danışdıqca, necə deyərlər, qırışığı açılır.


- 1972-ci ildə kimyadan namizədlik dissertasiyası müdafiə edib, alimlik dərəcəsi aldım. Müdafiə günü Baba "Bakı" mehmanxanasının restoranında 300 nəfərlik bir banket verdi. Bütün məclis iştirakçılarını ertəsi gün özünün oynayacağı "Leyli-Məcnun"a dəvət etdi. Tamaşadan sonra hamı deyirdi ki, biz Hüseynqulu Sarabskini təzədən gördük. Çox sevirdi sənətini. Məşqlərdən yorulmazdı. İşindən zövq alırdı. Bu adam yaşamaq üçün, həyat üçün yaranmışdı. C.Cahangirov "Xanəndənin taleyi"ni Babanın səsinə görə yazdı. Bir dəfə də rəhmətlik Niyazi onu çağırdı ki, istəyirəm atamın operasında - "Aşıq Qərib"də sən oxuyasan. Daha oxuduğu xalq mahnılarını demirəm. Özü də musiqi bəstələyirdi. Mahnı mətnləri yazırdı. "Gülnişan", "Aygün - eşqimin nübarı" mahnılarının sözlərini Baba yazıb . "Fateh Sultan Məhəmməd"in musiqisi də Babanındır.


- 1978-ci ildə dövlət Baba Mahmudoğluya Əhmədlidə dördotaqlı mənzil verir. Amaliya xanım isə iş yerindən kooperativ mənzil alır. 1981-ci ildə  Əhmədlidəki evi dövlətə təhvil verib - Yasamaldakı indi yaşadıqları kooperativ  mənzilə köçürlər.


- 1994-cü ildə təqaüdə çıxdım. Baba dedi ki, heç olmasa, indi bir-birimizi görərik. Mən həftənin beş günü işdə, Baba da daim konsertdə, məşqdə, televiziyada və qastrollarda olurdu. Ancaq düzünü demək lazımdır, məni özü ilə Türkiyəyə, Misirə, Baltikyanı respublikalara, Orta Asiyaya, Qara dəniz sahillərinə aparıb. 16 il onunla hər yay yaylaqlara getmişik. Qızımızın - Aygünün həkim olmağını arzulayırdı. Aygün də Tibb İnstitutunu, Moskvada 2 illik ordinaturanı bitirdi. Oğlum Aydın isə alman dili mütəxəssisidir. Bir arzusu da var idi ki, nəvələrimizdən biri  musiqiçi olsun. Bu il Aygünün qızı Fəridə konservatoriyaya qəbul olundu. Aydının da iki oğlu var - Baba və Eci. Uşaqlarından çox razı idi.


- Xalq artisti Baba Mahmudoğlu haqqında indiyə kimi iki kitab yazılıb. Amaliya xanım da sənətkar əri haqqında xatirələrini qələmə almaq arzusundadır. Görkəmli xanəndə Amaliya xanıma zarafatla "ən gözəl babaşünas" deyərdi.


- 2006-cı il dekabrın 5-i onun beyninə qan sızdı. Komaya düşdü.

Xəstəxanaya apardıq. Artıq cərrahiyyə etmək də mümkün deyildi. Evə qaytardıq. Dekabrın 5-i səhər açılanda o gözlərini əbədi yumdu.
- Amaliya xanım yaşarmış gözlərini sildi.


- Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir…


- …Amaliya xanım susur. Nə vaxtsa baxdığım sənədli rus filmindən bir epizod yadıma düşür: təyyarəçi atası göylərdə həlak olmuş balaca qız anasına deyir: - Ana, gəl elə bir yerə köçüb gedək ki, orda səma olmasın…

Qorxmaz Şıxalıoğlu