Zəngin çalarlı, müstəsna səsə malik Rəşid Behbudov Azərbaycan vokal məktəbinin təkrarsız nümayəndələrindəndir. Azərbaycan ifaçılıq həyatını onsuz təsəvvür etmək mümkünmü?! Rəşid ifaçılığında hisslər necə də təbii və dolğun, necə də səmimidir! Azərbaycan xanəndələri üçün səciyyəvi olan improvizə xüsusiyyəti R.Behbudov yaradıcılığında bir az da təbii, bir az da orijinal görsənir. Onun mahnıları Azərbaycanı dünyaya tanıtdı, əcnəbilərə bu diyarın gözəl musiqisi, nəğmələri tanışlıq imkanı verdi. 1915-ci il dekabrın 14-də Tiflisdə doğulan Rəşid Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub.
Çətin dolanan ailəyə kömək etmək üçün 12 yaşından işləməyə başlayıb: "Boyca balaca, amma çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpini təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum". Evin hər işinə yarayan, dülgərlik, çilingərlik işindən yaxşı baş çıxaran Rəşidin əla xörək bişirmə qabiliyyəti də varmış: "Ailədə uşaqların ən kiçiyi idim, anamın işə getməsi hamıdan çox məni narahat edər, yamac aşağı anamın dalınca qaçar, ağlayar, sonra saatlarla pəncərə qabağında oturub onun gəlişini gözləyərdim. O, xörək bişirəndə deyərdi: "Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək, ya yox?".
R.Behbudov 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur. Təhsil dövründə tələbə özfəaliyyət orkestrində çalışır. Hərbi xidməti zamanı ordu ansamblında solistlik edir. Həmin illərdə Tiflisdə "Teo-caz" adlı kiçik ansambl yaradır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Onun səsi sevgiyə, şəfqətə, saflığa çagırır. Çox keçmir ki, Rza Təhmasib onu "Arşın mal alan" filminə dəvət edir, 1945-ci ildə arşınmalçı rolunda çəkilir və bu film ona böyük şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."
Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. "Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim -görüm, düzdür, ya yox". R.Behbudov söhbətlərinin birində demişdi: "Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. "Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim "Arşın mal alan" dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi".
1946-ci ildə bu filmə Dövlət Mükafatı verilir. "Arşın mal alan" Behbudova dünya söhrəti gətirir, ona yeni yaradıcılıq yolları açır. Onun yaratdığı lirik obrazın - Əsgərin könül oxşayan səsi hər tamasaçını valeh etmişdir.
1946-ci ildən R.Behbudov M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. 1949-cu ildə Budapeştdə Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir. Sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artır. T.Quliyevlə sənət əlaqələri bərkiyir. Behbudovun repertuarında "Azərbaycan", "Neftçi", "Züleyxa" və b. mahnılar yer alır. O, F.Əmirovun romans və mahnılarını ifa edir.
R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə "Arşın mal alan" kinokomediyası ilə bitmir. O, həmçinin "Bəxtiyar" filmində, "1001-ci qastrol", "Doğma xalqımıza", "Toyda görüş", "Abşeron ritmləri" film-konsertlərində və bir çox sənədli filmlərdə, kinojurnallarda çəkilir. 1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Bu ölkədə "Arşın mal alan" filmi "Örtüksüz məhəbbət" adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Rəşidi orada hamı tanıyır, məşhurluq onu addımbaşı izləyirdi. "Bəxtiyar" filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo-konsertlər, laureatlıq. O, mahnıları elə ustalıqla ifa edirdi ki, hər dəfə dinləyicilər arasında hədsiz sentimentallardan heç olmasa birinin ürəyi gedirdi. Odessada onun maşınını camaat əlləri üstündə gəzdirirdi. Keçmiş ittifaqda müğənniyə vurulmayan qız bəlkə də tapımazdı.
Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman - Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu - dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunmuş, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çagırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi. 1946-56-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını yaratmış və onun bədii rəhbərli olmuşdur. Bu, SSRİ-də ilk belə teatr idi. Müğənni həmin ansamblla 56 ölkəni gəzmiş, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olmuşdu. Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xarici mahnını da həmin xalqın dilində ifa etmişdir. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olmuşdu. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb. Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar.
Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov özünün parlaq yaradıcılığı və ictimai fəaliyyəti ilə xarici ölkələrlə mədəni əlaqələrini daha da möhkəmlənməsinə kömək edirdi. O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olmuşdur. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır. 1954-cü ildə yenidən ekranda göründü - "Doğma Xalqıma" sənədli filmində, Azərbaycanın elə bir şəhəri və rayonu və kəndi yoxdur ki, sənətkarın ayağı oraya dəyməmiş olsun. Dünyanın hər yerində, bütün keçmiş sovet respublikalarında yüz minlərlə adam onun ecazkar səsinə valeh olmuşdur. Böyük mügənni Azərbaycanın tam səlahiyyətli mədəniyyət elçisi hesab edilirdi. Görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, 2 “Lenin” ordeni, “Qırmızı Əmək Bayrağı”, “Xalqlar Dostluğu” ordenləri ilə təltif olunmuşdur, bir sıra xarici ölkələrin mükafatlarına layiq görülmüşdür. O özünün bütün istedadını, tükənməz qüvvəsini, böyük təcrübəsini və biliyini Azərbaycan mədəniyyətinin inkişafına və tərəqqisinə vermiş, öz yaradıcılığı ilə vətəndaşlıq, xəlqilik ideyalarına bərqərar etmişdir. 1989-cu il iyunun 9-da xalqın lirik tenoru həyata gözlərini əbədi yumdu. Onun şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla tamaşaçı və dinləyicini ovsunlayır.
P.S. R.Behbudovun adını daşıyan Dövlət Mahnı Teatrından aldığımız xəbərə görə, dekabrın 21-də sənətkarın xatirə gecəsi keçiriləcək.
Turan