Dekabrın 19-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində xalq artisti, professor, «Şöhrət» ordenli, Prezident təqaüdçüsü, bəstəkar Tofiq Bakıxanovun yaradıcılığına həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru,  sənətşünaslıq namizədi, əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın yaradıcılığından söhbət açaraq qeyd etdi ki, 55 il bundan əvvəl Azərbaycan xalq mahnılarının yenidən işlənməsi ilə fəaliyyətə başlayan Tofiq Bakıxanov, özünəməxsus yaradıcılıq yolu keçmiş və bu sahədə böyük şöhrət qazanmışdır. Onun əsərləri təkcə Azərbaycanda yox, Rusiya, Ukrayna, İran, Türkiyə və başqa Şərq ölkələrində çap edilmişdir.

Bəstəkar İran, ərəb ölkələri, Türkiyə və Şimali Kipr Respublikası xalq musiqilərinə də müraciət etmiş və sanballı əsərlər yaratmışdır. Onun yazdığı əsərlər həmin xalqların musiqi ocaqlarında tədris olunur. Tədbirdə iştirak edən Tofiq Bakıxanov öz yaradıcılığının bəzi maraqlı məqamlarını görüş iştirakçılarına çatdırdı.


Sonra T.Bakıxanovun əsərlərindən ibarət konsert oldu. Azərbaycan Dövlət Filarmoniyasının solisti, gənc müğənni Leyla Dadaşova «Bağışla məni», «Günah özündədir», «Görüş yerimiz», «Sevən könül», əməkdar artist, dosent Zakir Mirzəyev (qarmon) «Segah sayağı», «Ronda» əsərlərini ifa etdilər.


Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının dosenti Məleykə Əhədzadə (skripka), Nigar Rzayeva (fortepiano) tərəfindən bəstəkara həsr olunmuş skripka və fortepiano üçün 8 saylı sonota da dinləyicilər tərəfindən rəğbətlə qarşılandı.


T.Bakıxanovun əsərlərindən ibarət təşkil olunmuş  sərgiyə də maraqla baxıldı.


Sonda bəstəkar onun yaradıcılığına həsr olunmuş tədbiri keçirdiyinə görə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşlarına təşəkkürünü bildirdi.

Fərahim Şükürov