50-ci illərin ədəbi gəncliyinə, xüsusilə gənc şairlərə dəyərli məsləhət verib, onların qəzet və jurnallarda ilk şeirlərinin çap olunmasında əvəzsiz köməyi olan insanları xatırlayanda göz önünə gələn birinci şəxs Nəbi Xəzridir. Əli Kərim , Sərdar Əsəd, Cabir Novruz, Rüfət Zəbioğlu, Məmməd Araz, Xəlil Rza, Tofiq Bayram, Yusif Həsənbəy, Famil Mehdi, Məstan Əliyev, Kələntər Kələntərli və başqaları tələbəlik illərində, eləcə də ilk iş yerlərində hər gün görüşünə ehtiyac duyduğu insanlardan biri məhz gözəl şairimiz Nəbi Xəzri idi. Şeir yazanların yolu hər gün onun oturduğu otağa düşür, Nəbi Xəzridən məsləhət alardılar. O vaxt Nəbi müəllim Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunu bitirib gəlmişdi. Yazıçılar İttifaqının şeir üzrə məsləhətçisi işləyirdi. Günün hansı saatında qapısını açsan, yanında gənc şair görərdin. O zaman onun "Sülh əsgəri" və "Çiçəklənən arzular" kitabları əl-əl gəzirdi.


Sənətə təzə həvəslə, xoş məramla başlayan Nəbi Xəzri öz yaradıcılığına olan tələbkarlığı bizim ədəbi nəslimiz üçün də tətbiq edirdi. Onun şeirə, sənətə, ümumiyyətlə, sözə tələbkarlığı 1944-cü ildə yazdığı "Söz" şeirində belə ifadə edilmişdi:


Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı,
Vaxt olar ki, bircə anda insanı
Əlli ilin hörmətindən salar söz.

Çalış, Nəbi, bu dünyada yarat sən,
Bəd sözləri öz sinəndən yar, at, sən!
İnci  seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişana qalar söz.

O, bizim şeirlərimizdə mətləbin uzanmasını görəndə, yaxud yerinə düşməyən bir sözlə qarşılaşanda, onu ürək qırmadan, çox nəzakətlə, mülayim bir tərzdə deyər, qələmlə misraların yanında qeyd edərdi.
Mən də 1952-ci ildə  bir-birinin dalınca "Bakının gecəsi" və "Atamın son məktubu" şeirlərini Nəbi müəllimə oxumuşdum. "Mütləq bunlar işlənməlidir" - deyib misralar üzərində düzəlişlər etdi. Yenə şerlərimi gətirdim, Nəbi müəllim oxudu və razılığını bildirdi. Şeirləri məndən alıb "İnqilab və mədəniyyət" (indiki "Azərbaycan") jurnalının baş redaktor müavini, şair-tərcüməçi Böyükağa Qasımzadəyə verdi. Böyükağa müəllimi mən tanıyırdım. Onun həyat yoldaşı Sona müəllimə institutda işləyirdi. Gənc şair-tələbələrə xüsusi bir qayğı ilə yanaşan xoş təbiətli bir insan idi. Bir dəfə də mən Oktyabr bayramı münasibəti ilə akt zalında ədəbiyyat dərnəyinin üzvü kimi şeir oxuyandan sonra dərsdə mənə demişdi: "Yazıçılar İttifaqına get, ikinci mərtəbəyə Böyükağa müəllimə şeirlərini ver. O, sənə çap olunmağında kömək edər. Mən də gedib Böyükağa müəllimlə tanış olmuşdum. Lakin cəsarət edib şeirlərimi verməmişdim. Nəbi müəllim məni Böyükağa Qasımzadənin yanına apardı. O, bığlarını sığallayıb qayğı ilə dedi: "Nəbi, elə bu nömrədə çapına kömək edərəm. Yaxşı da qonorar yazaram ki, özünə palto alsın. Bu qış günündə, deyəsən, paltosuz gəzir".


Həqiqətən deyilənlər başa gəldi, şeirlərim çap edildi və özümə də onun qonorarı ilə palto aldım. Nəbi müəllim daha bir xeyirxahlıq da etdi. Tərtib etdiyi "Gəncliyin səsi" almanaxına da mənim şeirlərimi daxil etdi.
O zamanlar şeir yazanlar indiki kimi çox deyildi. Şeir çap etdirməyə qəzet, jurnal az, lakin mətbuatın tirajı çox idi. Gənc şair, ya nasir bir neçə uğurlu yazısı, hekayəsi, şeiri ilə tanınırdı.


Nəbi Xəzri zəhmət mövzusu ilə daha çox nəfəs alır, gözəl nəğmə mətnləri, təbiət şeirləri yazırdı. "Sumqayıt səhifələri", "Günəşin bacısı" gənclərin stolüstü kitabına çevrilmişdi. Zəhmət və məhəbbət Nəbi Xəzri yaradıcılığının baş mövzusu idi.


50-60-cı illərdə  çap edilən əsərlərdən az zamanda çox sürətlə oxunub yayılan Əlfi Qasımovun "Adilənin taleyi", Əli Əsgərovun "Pozulmaz naxışlar", Cəmşid Əmirlinin "Qara Volqa" əsərləri demək olar ki, bütün ədəbiyyatsevərlər tərəfindən oxunurdu. Bayram Bayramovun "Sərinlik", İsa Hüseynovun "Yanar ürək", İsmayıl Şıxlının "Ayrılan yollar", Sabir Əhmədlinin "Arabaçı", Əlibala Hacızadənin "Təyyarə kölgəsində", Fərman Kərimzadənin "Qarlı aşırım" əsərləri  müəlliflərini bütün xalqa sevdirmişdi. Nəşriyyat planları tərtib edilən vaxt bu kitablara əlavə sifarişlər verilirdi. Bir neçə ildən sonra S.Rüstəm, O.Sarıvəlli, M.Rahim və başqa görkəmli şair və yazıçıların 50 illik yubileyləri başladı. Nəbi müəllim artıq Yazıçılar İttifaqının şeir  üzrə katibi seçilmişdi. O, yubiley tədbirlərinə cavan qələm  sahiblərini də dəvət edirdi. Buna görə biz gənclər o görkəmli insanların hesabına xalq arasında tez tanınmağa başladıq.


1954-cü ildə Yazıçılar İttifaqının "Natəvan" klubunda S.Vurğunun lirik poeziya disputu keçirildi. Şairlərdən İslam Səfərlinin "Darülfünun şeirləri", Hüseyn Hüseynzadənin "Məhəbbət poeması" və Nəbi Xəzrinin Qarabağda yazdığı şeirləri təzə nəfəsli, bədii cəhətdən dolğun əsərlər olduğu xüsusi qeyd olundu. S.Vurğun N.Xəzrinin "Payız", "Şuşanın yolları", "Bir də, bir də ki" şeirlərini təriflədi və Nəbini təbrik etdi. Həmin disputda çıxış edənlərdən biri də mən oldum. Yaşlı şairlərdən bəziləri narazılıq edib, çıxışlarda cavanlara çox yer verildiyini söylədi. Səməd Vurğun bu vaxt dedi: - Mən bunu bilərəkdən etdim. Ədəbiyyata təzə gələn istedadlı gənclər var, görək onların arzu-istəkləri nədir? Qulu Xəlilov, Əlfi Qasımov, Sərdar Əsəd, İlyas Tapdıqovun çıxışlarından hiss olunur ki, ədəbiyyatımızın qarşısında duran problemlərə biganə deyillər. S.Vurğunun gənc ədəbi qüvvələr haqqında dediyi xoş sözlər alqışlarla qarşılandı. S.Rüstəm Ə.Kərimi "İki sevgi" və Famil Mehdinin "Ana" şeirlərini misal gətirib təriflədi. Bir nəfər gənc şair poemasını Əli Vəliyev tərəfindən çap edilməməyini yerindən narazı halda dilə gətirdi. O, əlini göstərib bildirdi ki, poemanı yazanda barmağı döyənək olub. Əli müəllim dedi: "Poeman çox uzundur. İxtisara ehtiyacı var. Qələmi bərk tutma. Onda barmağın mazol olmaz".


S.Vurğun həmin disputda  N.Xəzri haqqında dediyi sözləri SSRİ Yazıçılar İttifaqının qurultayında, Moskvadakı məruzəsində də demişdi. Həmin günlərdə Nəbi müəllim S.Rəhimovla Ukraynaya getdi. Kiyev təəssüratı, Nikola Bajanla görüşü haqqında gözəl bir publisistik məqalə yazdı. Az sonra Avropaya səfər etdi. Oradan çox gözəl şeirlərlə qayıtdı. "Ay bizim çinara bənzəyən, çinar" şeiri və "Kiçik təpə" poeması yarandı. Az bir vaxtdan sonra "Sumqayıt səhifələri" poeması N.Xəzri yaradıcılığında xüsusi yer tutdu. Mən bu gün fəxr edirəm ki, həmin poemanın və onun Avropa səfərində qələmə aldığı "Vətən və qürbət" şeirlər kitabının redaktoru oldum və həmin kitaba müqəddimə yazdım. N.Xəzri aşağıdakı avtoqrafla kitabın ilk nüsxəsini mənə bağışladı: "Əzizim, gözəl dostum İlyasa böyük təşəkkür və minnətdarlıqla. Bu kitabın çıxmasında sənin böyük əməyin olmuşdur. N.Babayev. 16.06.58"


Nəbi müəllimin rus dilində də bir çox şeirləri çap olunmuşdu. Bir gün mən onun yanına gedəndə stolun siyirtməsini açdı və "Bakinskiye kurantı" ("Bakı saatı") kitabını mənə təqdim etdi. Və ona da avtoqraf yazdı: "Dostum İlyasa xatirə. Arzu edirəm ki, həmişə belə sadə və səmimi olasan. Sənə müvəffəqiyyələr arzulayıram.  12.05.57".


N.Xəzri görkəmli şair həm də respublikamızın tanınmış ictimai xadimi idi. Azərbaycan Yazıçılar İttifaqının şeir üzrə katibi, Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini, Azərbaycan mədəniyyət nazirinin müavini, Xarici Ölkələrlə Dostluq və Əlaqə Cəmiyyətinin sədri vəzifələrində işlədiyi vaxtlarda da ədəbi gəncliyə həmişə qayğı göstərirdi.


O, respublikamızdan uzaqlarda da görkəmli şair kimi tanınırdı. Şeir kitabları dünyanın bir çox dillərinə tərcümə edilmişdi. N.Xəzrinin 60 illiyi 1984-cü ildə Moskvada, SSRİ Yazıçılar İttifaqının Ədəbiyyatçılar Evində böyük təntənə ilə keçirildi. Nəbi müəllim həmin təntənəli gecəyə məni də dəvət etmişdi. Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun başçılığı ilə Moskvaya yola düşən dəstə, orada yaşayan azərbaycanlılar həmin təntənəli gecədə iştirak etdilər. SSRİ Dövlət Mükafatı almış N.Xəzri Rusiyada və eləcə də qardaş respublikalarda geniş tanınır, oxunur və sevilirdi. Ədəbiyyatçılar Evində keçirilən yubiley gecəsinə "Dan ulduzu" ansamblı və tanınmış müğənnilər dəvət edilmişdi. Onların arasında mənim qızım Şəbnəm də var idi. O, Nəbi Xəzrinin "Çiçəklər" şeirinə Emin Sabitoğlunun bəstələdiyi mahnını oxudu. Görüşdən sonra rus tamaşaçıları Şəbnəmin  başına gül dəstəsi səpdi. Nəbi müəllim və Həsən Həsənov Şəbnəmin qeyri-adi səsini tərifləyib, tamaşaçılara minnətdarlıq etdilər.
Ədəbiyyatçılar Evinin banket zalında yaddaqalan ziyafət verildi. Şəbnəm Nəbi müəllimin xahişi ilə ziyafətdə də oxudu. Nəbi müəllim bizə tez-tez zəng vurub, Şəbnəmin çıxışlarını təşkil etməyə köməklik göstərirdi. Ümumiyyətlə, Nəbi müəllim ədəbiyyat və incəsənətlə bağlı heç kəsdən qayğısını əsirgəmirdi. N.Xəzri qayğılı günlərin ən böyük qayğıkeşlərindən, xeyirxahlarından biri idi.


1960-cı ildə C.Novruzun, M.Günərin, N.Süleymanovun, Y.Həsənbəyin, A.Axundovun, F.Ağayevin və onlarla şair və yazıçının ev almasında Nəbi müəllimin göstərdiyi xeyirxahlıq heç zaman unudulmaz.

İlyas TAPDIQ