O, Novruzun ətri duyulan vaxtda doğulmuşdu. Martın 15-də. Özü də nə az, nə çox, düz doxsan il əvvəl. Bakının indi izi-tozu da qalmayan qədim Çəmbərəkənd məhəlləsində. Taleyin gərdişindən cəmi beş sinif təhsil almış Hacıbaba Hüseynov klassik ədəbiyyata, əruza, ilahiyyata dərindən yiyələnməyi, dərin hissiyyata, güclü hafizəyə, qaynar təbə, yüksək hazırcavablığa, bədii-yaradıcı təxəyyül imkanlarına malik bir insan idi. Orası da maraqlıdı ki, tamam-kamal orta təhsili olmayan bu insan otuz ildən artıq müddətdə xanəndəlik sənətindən dərs deyib. Çox-çox görkəmli sənətkarlar yetişdirmiş, bir vaxtlar hamının dillər əzbəri olan Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində.
   
   Həyat doğrudan da qəribəliklərlə doludu. Gözünü dünyaya açan gündən qulağı azan səsi, Quran avazı eşidən, ata nənəsinin arzusuna qalsa din xadimi kimi yetişməli olan və bütün ömrünü Allah-təalaya etiqadda keçirən, vaxtlı-vaxtında orucunu tutub, namazını qılan Hacıbabanın vətəndən kənarda ilk səfər etdiyi şəhər məhz Kərbəladı. Hacıbaba Hüseynov imam Hüseyn aşiqi, mövlanə Füzuli vurğunuydu. Söyləyirlər ki, ustad həmin səfərdən çox-çox illər qabaq elə hey “bircə İmam Hüseynin qəbrini ziyarət eləyib, o müqəddəsin ayaqları altında yatan Füzuli babamla “görüşsəydim”, heç dərdim olmazdı” deyirmiş. Demə, bu onun qismətindəymiş. Hələ üstəlik İraq səfərinin ardınca Türkiyə, Fransa, İsveçrə, Hollandiya, Belçika və İrana da yolu düşəcəkmiş xanəndənin. Bütün bunlar sənətkarın yetmişdən sonrakı həyatının üç ili ərzində baş verənlərdi. Daha sonrasa ilyarım qalırdı son səfərə. Və bu ilyarımda xanəndə artıq ayağını kənara atası halda deyildi. Amansız xərçəng öz işini görürdü. Cəmi bir-iki il əvvələcən pəhləvan cüssəli görünən Hacıbaba qəfil başının üstünü kəsdirmiş xəstəlik səbəbindən get-gedə yumağa dönür, şam kimi əriyirdi.1992-ci ilin əvvəlində sənətkarın İranda verdiyi konsertlərdən birində lentə alınmış kadrlardan boylanan da sınıxmış Hacıbabadı. Tez-tez, bir-iki qurtum su alıb qurumuş dil-dodağını yaşlaması açıq-aydın görünür. Qarşındakının zahirən əvvəlki, üzümüz-gözümüz öyrəşdiyi xanəndə olmadığına ürəyin ağrıyır. Amma təsəlliverici məqam da var həmin kadrlarda. Onun oxuması həminki ləngəri, bəzək-düzəyi və pəsxan ustalığıyla yenə gözəl və təravətlidi. Heç elə bil, il üstünə il gəlmiyib, qarşındakı da tənəffüs yolundakı problemdən əziyyət çəkən Hacıbaba Hüseynov deyil. Və o da maraqlıdı ki, o, bu minvalla ömrünün axır günlərinəcən oxudu. Hərçənd İrandan sonra onun güzarı daha heç bir ölkəyə düşmədi. Gərək ki, həmin arada onun dövlət səviyyəli tədbirlərdə və radio-televiziyada çıxışı da olmadı. Hacıbaba müəllimi son aylarda demək olar yalnız Bakı kəndərindəki toylarda görə bilərdin. O toylarda ki, xanəndə qırx ildən artıq çalıb-çağırmışdı, neçə-neçə ustadlar görmüşdü. Mütəllim Mütəllimovun, Yaqub Məmmədovun ifasına vurulmuşdu, Seyid Şuşinskinin tilsiminə düşmüşdü, Zülfü Adıgözəlovun yanğı və ustalığına, Xan Şuşinskinin təkrarsız şirin səsinə heyran qalmışdı. Bəzilərinin nəzərində təhsil ala bilmədiyindən savadsız sayılacaq Hacıbaba əslində istedadına və öyrəndiklərinə görə yaradandan sonra məhz bu toylara, adını çəkdiyimiz və çəkmədiyimiz sənətkarlara borclu idi. Bu böyük ustadın yetişməsində, milyonların sevimlisinə çevrilməsində Əhməd Bakıxanovun, Cahangir Cahangirovun, Bəhram Mansurovun, Əhsən Dadaşovun, Sara Qədimovanın və başqalarının əməyini qeyd etmək gərəkdi. Ümumiyyətlə, bəxt-tale sarıdan Hacıbaba Hüseynovunku gətirmişdi desək, yanılmarıq. Doğrudu, o uşaqlıqdan böyük ailələrini saxlamaq üçün çiynini ağır yük altına vermişdi. Əvvəl-əvvəl pudluq daşlardan yapışmışdı və vaxtından qabaq böyüyüb, güclənib, kişiləşmişdi. Sonrasa “Paris kommunası” adına zavodda tornaçı işləmişdi. Həmin peşənin hesabına gənc, sağlam cüssəli xanəndə müharibə başlayanda cəbhəyə yollanmamışdı. Hacıbaba iyirmi dörd yaşında, müharibənin qızğın çağında sevib-seçdiyi Mehparə xanımla ailə qurdu. Bu ailənin təməli möhkəm, ömrü uzun oldu. Atalı-analı bəxtəvər günləri xatırlayan sənətkarın qızı Sədaqət Hüseynova deyir ki, ağa (atasını nəzərdə tutur) ağırtaxta, zabitəli kişiydi. Bir sözü iki olmazdı, nə evdə, nə də kənarda. Xasiyyəti eləydi ki, hər adam evimizə ayaq basa bilməzdi. Söhbət sənət adamlarından gedir ha. Deyərdi ki, tam, dürüst insan, dost tapmaq çətindi. Bu dünya etibarsızlarla doludu. Təsəvvür edin, qoca vaxtında belə evimizə gələn tələbələrinin, sənət dostlarının qarşısına çay-çörəyi anam yox, mən qoyardım. Bazar-dükan və sair işlərdə nə mən, nə də anam çöl-bayır tanımamışıq. Heç orta məktəbi axıracan oxumağa da qoymadı ki, qız uşağı evdə otursa yaxşıdı. Sonra da tez ailə qurdum, bir sənət, peşə seçməyə vaxt tapmadım... Ölümdən qorxmurdu, hər an əcəlin yetişəcəyinə hazırıydı. Deyəndə ki, ay ağa, Allah eləməsin, sənə bir şey olsa, biz neylərik. Gülə-gülə qayıdırdı ki, necə yəni Allah eləməsin, elə o qurban olduğum eləyir də.Üstəlik, “hamı özünü fikirləşir, heç gör məni düşünən var” deməklə zarafatından qalmırdı. Ağanın üç yüzdən artıq qəzəli, müxəmməsi, təxmisi yadigardı. İndiyəcən bircəciyi belə çap olunmayıb. Amma onların xeylisi hələ sağlığındaykən xanəndələrin dillərinin əzbəriydi. Özü isə yazdıqlarını tək-tük halda oxuyurdu. Ağanın vəsiyyətinə əsasən əlyazmalarının hamısını Rafael Hüseynova vermişik. Rafael müəllim kitabın yaxınlarda çıxacağına söz verib. Çoxları inanmaz, ağa evdən kənarda gecələməyi sevmədiyindən rayonlardan toy sifarişi götürmürdü. Yalnız ildə bir-iki dəfə Salyana gedirdi. Orda onu məxsusi hörmətlə qarşılayan, sevənlər varıydı deyə, sözlərini yerə salmırdı. Ağa toya üçlüklə dörd yüz manata gedərdi. ”Qara tellər” və Aşıq Alının “Nə qaldı?” mahnısını evdə elə gözəl oxuyardı ki, nə deyim. İndi mənim kiçik qızım musiqi kollecində xanəndəlik üzrə təhsil alır. Görünür, rəhmətliklərə, babasına və xalam Sara Qədimovaya çəkib...
   Hacıbaba müəllim ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış. Həmin gün bəstəkar Cahangir Cahangirov onu studiyaya dəvət edib və orada tarzən Əhsən Dadaşovun və kamançaçalan Fərhad Dadaşovun müşayiətilə “Zabul“, “Rast“ və “Şur“ muğamlarını oxuyub.
   Sənətkarın ən böyük tədqiqatçısı Rafael Hüseynovdu. Haqqında bir neçə dəfə mətbuatda yazılarla çıxış edib, “Ocaq başı” sənədli filminin ssenari müəllifi, yetmiş illik yubiley gecəsinin aparıcısı olub. Yazıçının iyirmi beş il əvvəl qələmə aldığı söhbətdən bir parçaya diqqət kəsilməyimiz bu məqamda lap yerinə düşər:
   “Bir yay axşamı idi. Dəniz elə sakit idi ki, deyirdin yatıb və göyün üzü doluydu ulduzla. Əvvəl qız dilləndi:
   - O ulduzlardan birini qopara bilərsən?
   - (Ürəyində fikirləşdi ki, bir fərri boy-buxunumuz da olmadı əlimizi uzadıb ulduz dərək).
   - Bəlkə, bir mahnı oxuyasan.
   - (Ha düşündü, yadına “Səndən mənə yar olmaz”dan ayrı bir şey düşmədi və bir az da buna dilxor oldu).
   - Onda mən getdim...
   - Bir yay axşamı idi və əhvalat vaqe olurdu Çəmbərəkənddə. Bir qız idi, bir oğlan. Birinin yeddi yaşı vardı, birinin altı.
   - İstəyirsən, mahnı oxuyum?
   - Yox, mahnı istəmirəm. Sənin adın niyə belədi? Özün balaca, adın qoca.
   - (Nə illah elədi, bir söz tapa bilmədi və ona sevindi ki, nə yaxşı bu gün göy ulduzsuzdu).
   Trolleybus çoxdan dayanmışdı... Bir ağsaqqal kişi idi, bir ağbirçək qadın, yanaşı oturmuşdular və hərəsi öz aləmində idi. Əvvəl qadın dilləndi:
   - Tanımadın məni?
   - (Çox baxdı, xatırlaya bilmədi: “Yəqin, televiziyada görüb məni, ya da qonşularımızdandı”... Qadına zəndlə bir də baxdı. Tanıdı onu. Tanıdı...)
   - Yadında, adımı bəyənmirdin? Deyirdin qoca adıdı. Görürsən, indi gəlib düşüb yerinə. Bəlkə, yenə deyəsən uyğun gəlmir.
   - Yox, indi yaşına uyğun gəlir, işinlə, zəhmətinlə uyğun gəlmir adın.
   - Qəribə adamsan. Bundan sonra ayrı adın nə faydası? Hamı məni el xanəndəsi Hacıbaba kimi tanıyır. 40 ilin sənətkarıyam, oxuyuram. 1962-ci ildən müəlliməm. Tələbələrimin neçəsi indi tanınmış müğənnidir. Mənə ustad deyirlər. Hamı məni belə tanıyır. Bundan sonra ayrı ada nə ehtiyacım.
   - Eh, təskinlikdi də verirsən özünə...”
   Aradan illər ötdü və yalnız yetmiş yaşının bircə addımlığındaykən Hacıbaba Hüseynov qısa fasiləylə əməkdar və xalq artisti fəxri adlarına layiq görüldü. Üstündən dörd ilyarım keçdi. Daha dəqiqi, 1993-cü il oktyabrın 24-ü idi. Hacıbaba müəllim Tanrı əmanəti canını tapşırırdı. Amma gedən tək cismi deyildi, illər boyu çinədanına yığdıqlarını da özüylə aparırdı...
   
   Bu qala bizim qala,
   Həmişə bizim qala.
   Tikmədim özüm qalam,
   Tikdim ki, izim qala.
   
   Vaqif Mustafazadənin “Bayatı-Şiraz” kompozisiyasında oxuduğu məlum bayatı, onu yazan Xudu Məmmədov da daxil olmaqla, bu üç insanın ölməzliyi barədə bizlərçün təsəllidi..Vəssalam...
   
   Seymur Elsevər