Azərbaycan tar məktəbinin yaranmasında müstəsna xidmətləri olanlardan biri də Səid Rüstəmovdur. O, 1907-ci il mayın 12-də İrəvanda anadan olmuşdur. Böyüdükcə də qəribə, anlamadığı sirli bir dünyanın sehri get-gedə onu özünə çəkirdi. Bu, musiqinin sehri idi.
Balaca Səidin musiqidən əlavə, rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə gedirmiş. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. S.Rustəmovun musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. Üzeyir Hacıbəyovun yanına aparır...
Musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk “Tar məktəbi” dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının rəhbəri vəzifəsində çalışanda da, öyrətmək məharəti ilə, tar pedaqoqu kimi nəzərə çarpmışdır. O, tar və dirijorluq ixtisası üzrə gənc kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirirdi.
S. Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O vaxt Azərbaycan musiqisinə Üzeyir bəy rəhbərlik edirdi. Peşəkar musiqi təhsili təzə-təzə yaranırdı. S.Rüstəmov tarda yaxşı çalırdı. Bir gün Üzeyir bəy onun tar çalmağını eşidir. O vaxt xalq çalğı alətləri üçün not yazısı yox idi. Üzeyir bəy həm tar, həm də digər alətlər üçün not yazısını yaradırdı. S.Rüstəmov özünün musiqi istedadını Üzeyir bəyin köməyi ilə canlandırdı.
Çox keçmir ki, tar məktəbini yaratmaq Səid Rüstəmovun adı ilə bağlanır. Bu məktəbin bünövrəsi Üzeyir bəylə birlikdə qoyularaq inkişaf edirdi. S.Rüstəmov Konservatoriyanın Şərq şöbəsini qurtaran ilk azərbaycanlı idi. O, Üzeyir bəydən dərs alaraq, Şərqdə I not tar dərsliyini yazır. Bu dərslik 1935-ci ildə çap olunur. I nəşr bu günə kimi tar məktəbi üçün yeganə kitabdır ki, bütün Şərqdə tar və tara oxşar alətləri həmin kitabdan öyrənirlər. Bu nəşr Üzeyir bəyin gördüyü işlərin davamıdır.
Üzeyir bəy Azərbaycan Xalq Çalğı Alətləri Orkestrini yaratdıqdan sonra S.Rüstəmov orkestrin konsertmeystri, həm də dirijor köməkçisi olur. Bir il işlədikdən sonra o, orkestrdə Üzeyir bəyin köməkçisi vəzifəsini icra edir. Şərqdə birinci professional not çalğı alətləri orkestri olan bu musiqi kollektivinin ifasında dünya və Azərbaycan bəstəkarlarının klassik əsərləri ifa olunurdu.
1938-ci ildə S. Rüstəmov Moskvada keçirilən ilk incəsənət dekadasına həmin orkestrlə gedir. O, "Arşın mal alan" musiqili komediyasını orkestr üçün köçürmüşdü. S. Rüstəmov Moskvadan qayıtdıqdan sonra “Əməkdar incəsənət xadimi” fəxri adına və ilk dəfə "Şərəf nişanı" ordeninə layiq görülür.
Təxminən elə o vaxtlar S. Rüstəmov öz gücünü bəstəkar kimi də sınaqdan keçirir. Təsadüfən onu dram teatrına Cəfər Cabbarlının pyeslərindən birinə musiqi yazmağa dəvət edirlər. İlk sınaq onun bəstəkarlığında körpü rolunu oynayır. Tamaşaya yazdığı musiqi bəstəkara məşhurluq gətirir. İlk tamaşasına yazdığı "İntizar" mahnısının isə sonra ayrıca həyatı başlanır. Beləliklə, S.Rüstəmov 20-yə yaxın tamaşaya musiqi yazır.
Onun ən tanınmış mahnılarının sırasında “Qurban adına”, “Alagöz”, “Hardasan” və s. adını çəkmək olar.
Mahnı yaradıcılığı da S. Rüstəmova şan-şöhrət gətirir. Təkcə bəstəkarın "Anamın laylası" mahnısını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu bilək. "Anamın laylası"nda bəstəkar bütün hisslərini ifadə edib. Onun mahnılarının sayı 100-dən çoxdur. S.Rüstəmov orkestr üçün əsər və pyeslərdən başqa, komediyalara da musiqi yazırdı. "Beş manatlıq gəlin", "Durna" və "Rəisin arvadı" komediyalarına musiqi yazıb. Komediyalara yazdığı musiqi də ona böyük şöhrət gətirir.
Səid Rüstəmov 1983-cü ilin iyun ayında, 76 yaşında vəfat etmişdir.
Turan