Kembricli misirşünas-alim Salli Enn Eşton Misir hökmdarı Kleopatranın simasını bərpa etdiyini bildirib. Bu barədə «Daily Mail» qəzeti məlumat yayıb. Bir ildən çox davam edən tədqiqat nəticəsində Kleopatranın bizim dövrə qədər qorunub saxlanılan təsvirləri əsasında üçölçülü obrazı yaradılıb.

Qrafik modeldə məşhur hökmdar qarabuğdayı qadın kimi təsvir edilib. O, özündə həm Misir, həm də yunan cizgilərini birləşdirir. Eşton Kleopatranın tam avropalı olmadığını bildirir: «Yaddan çıxarmayın ki, Kleopatra hakimiyyətə gələnə kimi onun ailəsi 300 il Misirdə yaşayıb».


Kleopatra Makedoniyanın Ptolemey sülaləsinin üzvü olaraq Misirin sonuncu hökmdarıdır. O, bizim eradan əvvəl 69-cu ildə İsgəndəriyyə şəhərində doğulub. 17 yaşı olanda taxta çıxıb. Kleopatra imperator Yuli Sezarla, onun öldürülməsindən sonra isə Mark Antoni ilə sevgi əlaqələri ilə məşhurlaşıb. Kleopatranın Sezardan oğlu Sezarion, Antonidən isə iki oğlu və bir qızı doğulub.