Amerikalı kinoaktrisa Ancelina Coli 2008-ci ildə Hollivudun ən yüksək qonorar alan aktrisasıdır. Bu barədə «Hollywood Reporter» qəzetinin illik reytinqində bildirilir. Colinin «Xüsusilə təhlükəlidir» filminə görə 15 milyon dollar qonorar aldığı məlumdur. Onun filmin skivelinə görə bu məbləği 20 milyon dollara qədər artıracağı istisna deyil.

Qeyd edək ki, bundan əvvəl Colinin siması da «ən böyük alıcılıq qabiliyyətinə malik sima» sayılıb. «Forbes» jurnalı əsas jurnalların satışını analiz edərək belə bir nəticəyə gəlib ki, üz qabığında Colinin və ya onun uşaqlarının siması olan jurnallar daha çox satılıb.


Ancelina Coli reytinqdə Culiya Roberts kimi məşhur aktrisanı və 2007-ci ilin ən çox qonorar alan aktrisası Riz Uizerspunu qabaqlayıb. Elə həmin reytinqdə qeyd olunur ki, «Oskar» mükafatçıları Nikol Kidman və Holli Berri hətta 10 milyon dollar qonorarı olan filmlərə belə çəkilə bilmirlər. Qeyd edək ki, siyahıda Kameron Diaz, Ketrin Heyql, Keyt Hadson və Cennifer Aniston kimi aktrisaların da adları var.


Kişi aktyorlar isə qadın həmkarlarını xeyli geridə qoyurlar. Məsələn, kişi aktyorların reytinqinə başçılıq edən Uill Smit 2007-ci il iyunun 1-dən 2008-ci il iyulun 1-nə kimi 80 milyon dollar qazanıb.