İspaniyanın ən böyük muzeylərindən olan Madriddəki kraliça Sofiya muzeyi «Equal-Parallel/ Guernica-Bengasi» («Bərabərdir-paralel: Qernika-Benqazi») heykəlinin surəti üçün amerikalı heykəltəraş Riçard Serraya 83,5 min avro ödəyib. Qeyd edək ki, çox möhkəm poladdan hazırlanan 38 tonluq bu heykəl 2006-cı ildə muzeyin anbarından yoxa çıxıb. «The Art Newspaper» yazır ki, nəhəng heykəlin yoxa çıxması müasir muzey tarixində ən qəribə hadisə sayıla bilər.
Sofiya muzeyi «Equal-Parallel Guernica-Bengasi» heykəlini Serraya 1986-cı ildə sifariş edib və onu hazırkı kursla təxminən 220 min avroya alıb. 1990-cı ilə qədər heykəl zallardan birində olub. Həmin il muzeydə təmir işlərinə başlanılıb və nəhəng heykəli Madriddəki «Macarron» anbarına göndəriblər. 2004-cü ildə muzeyin yeni direktoru Ana Martines de Aqilar yoxlamaya başlayıb və 2005-ci ildə Serranın işini muzeyə nümayişə qaytarmaq barədə qərar qəbul edib. Elə o zaman heykəlin yoxa çıxdığı məlum olub. İncəsənət əsərinin anbarda olduğu barədə sonuncu qeyd 1992-ci ilə aiddir. Anbarın sahibləri isə 1998-ci ildə müflisləşərək biznesdən uzaqlaşıblar.
Muzey 2006-cı ildə Serraya bu haqda məlumat verib. Heykəltəraş bir şərtlə əsərinin surətini yaratmağa razılaşıb: İspaniya Mədəniyyət və Muzey Nazirliyi baş verən hadisəyə görə məsuliyyətini etiraf etməlidir.