Nyu-Yorkun ikinci böyük muzeyi sayılan Bruklin muzeyi özünün çox zəngin tarixi kostyumlar kolleksiyasını Metropoliten muzeyinin Kostyum İnstitutuna verəcək. «The New York Times» yazır ki, kolleksiyanın verilməsi ilə bağlı üç il davam edən danışıqlar başa çatıb.
Bruklin muzeyi maliyyə və texniki səbəblərdən, o cümlədən ekspozisiya zallarının olmaması səbəbindən kostyum kolleksiyasını artıq 10 ildir nümayiş etdirmir. Muzeyin direktoru Arnold Liman hesab edir ki, Bruklin muzeyi yaxın vaxtlarda tələb olunan vəsait və ərazi əldə edə bilməyəcək və buna görə də kolleksiyanı başqa muzeyə vermək son dərəcə vacibdir. Bundan əlavə, kostyumların saxlanması xeyli pul tələb edir. Eksponatlar nümayiş etdirilmədiyindən, onlara pul qoyulması da öz əhəmiyyətini itirir.
Danışıqların şərtinə uyğun olaraq, Metropoliten muzeyi kostyumların nümayişi zamanı onların Bruklin muzeyinə aid olduğunu xüsusi qeyd edəcək. İlk sərginin 2010-cu ildə baş tutacağı gözlənilir.
Bruklin muzeyinin kolleksiyasında XIX əsrin ikinci və XX əsrin birinci yarısının kostyumları geniş təmsil olunub. Metropoliten muzeyinin Kostyum İnstitutunda isə XX əsrin ikinci yarısının kostyumları daha çoxdur. Bu səbəbdən də, iki kolleksiyanın bir-birini tamamlayacağı gözlənilir.