Corc Lukasın "Lucasfilm" studiyası və bəstəkar Con Uilyams "Ulduz müharibələri" fantastik filmi əsasında iki saatlıq səhnə şousu hazırlayıblar. "Star Wars:  A Musical Journey" ("Ulduz müharibələri: musiqili səyahət") tamaşasının premyerası 2010-cu il aprelin 10-da Londondakı "O2" teatrının səhnəsində baş tutacaq. "BBC News" bildirir ki, Böyük Britaniyada göstəriləndən sonra şou Avropa ölkələrinə turneyə çıxacaq.


Şou adi müziklə oxşamayacaq. Səhnədə aktyorlar və şou barədə məlumat veriləcək, bütün hərəkətlər musiqi ilə müşayiət olunacaq. Musiqini isə Kral Filarmoniya Orkestrinin (Royal Philharmonic Orchestra) heyətindən 86 musiqiçidən ibarət simfonik orkestr ifa edəcək. Səhnənin arxasında isə 27 metrlik xüsusi ekran quraşdırılacaq. Həmin ekranda "Ulduz müharibələri"nin indiyə kimi çəkilən bütün 6 filmindən seçilmiş kadrlar nümayiş olunacaq.


"The Telegraph" bildirir ki, "O2"də şounu eyni vaxtda 17 min adam izləyə biləcək. "Star Wars: A Musical Journey" tamaşasının London premyerasına biletlərin qiyməti 30-100 funt-sterlinq arasıdır.
Qeyd edək ki, Britaniya mətbuatı 2009-cu ilin payızında "O2"nin arenasında daha bir məşhur filmin - Uilyam Uaylerin "Ben Qur" filminin tamaşasının qoyulacağını yazıb. "O2"nin ölçüləri və qurğuları çox böyük sayda aktyorun və istənilən miqdarda rekvizitin iştirakı ilə şoular yaratmağa imkan verir. "Ben Qur" üçün səhnədə döyüş arabalarının yarışı da təşkil olunacaq.