Fransada "Sezar" kinomükafatının nominantlarının adları açıqlanıb. Bu barədə "Screen Daily" məlumat yayıb. Nominasiyaların sayına görə liderliyi Jan-Fransua Rişerin "Xalqın bir nömrəli düşməni" ("Public Enemy Number One") filmi ələ keçirib. Bu film 10 kateqoriyada, o cümlədən "Ən yaxşı film" və "Ən yaxşı rejissor" nominasiyalarında təmsil olunub. Arno Depleşanın "Milad nağılı" ("Un Conte De Noel") 9 kateqoriyada nominantdır. Remi Bezankonun "Sənin həyatının istirahətinin birinci günü" ("Le Premier Jour Du Reste De Ta Vie") filmi də eyni sayda kateqoriyada mükafata namizəd göstərilib.
Filipp Klodelin "Mən səni elə çoxdan sevirəm" " ("I"ve Loved You So Long") filmi 6, Kann festivalının "Qızıl palma budağı"nın sahibi Loren Kantenin "Klass" ("The Class") filmi isə 5 nominasiyada təmsil olunub. Adları çəkilən filmlərin hamısı "Ən yaxşı film" kateqoriyasında qələbəyə namizəddirlər. "Ən yaxşı xarici film" nominasiyasında təqdim olunan filmlər arasında "Oskar"ın ötənilki qalibi Pol Tomas Andersonun "Neft" filmi və bu il həmin mükafata əsas namizədlərdən olan Anri Folmanın "Bəşirlə vals" filmi var.
Qeyd edək ki, Fransanın "Sezar" milli kino mükafatı 1975-ci ildən təqdim olunur. Bu il qaliblərin adı fevralın 27-də elan ediləcək.