"ArtTactic Ltd." agentliyi qarşıdan gələn onilliyin ən bahalı rəssamları olacağı güman edilən 46 müasir rəssamın adını açıqlayıb. Reytinqdə birinci yeri Gerhard Rixter tutur. Onun ardınca Ceff Kuns, Sindi Şerman, Robert Qober, Bill Viola və Riçard Prins gəlirlər. Demien Herst yalnız 21-ci yeri tutur. Ceyk və Dinos Çepmen qardaşları, Frans Akkerman və Devid Salle siyahını tamamlayırlar. "ArtTactic Ltd."nin yaradıcısı Anders Petterson "Bloomberg" agentliyinə müsahibəsində "toz yatandan sonra kimin davam gətirə biləcəyini" ayırd etməyə çalışdıqlarını vurğulayıb.
Xatırladaq ki, "Art Review" jurnalının versiyasına görə, Demien Herst 2008-ci ildə nəinki dünyanın sağ olan ən bahalı rəssamı, eləcə də incəsənət dünyasının ən nüfuzlu şəxsi hesab edilib. Lakin ötən ilin payızında - dünya maliyyə böhranı art-bazarı vurandan sonra Demien Herstin işlərinin satışı da səngiyib. Rəssam özü əsərlərinin qiymətini aşağı salmağa söz verib.
"ArtTactic Ltd." agentliyi yaxın gələcəyin ən bahalı rəssamlarının reytinqini müəyyən edən zaman ekspertlər-auksionçular və qalereya sahibləri arasında art-bazarın perspektivləri ilə bağlı sorğu keçirib. Onların yarıdan çoxu güman edir ki, böhranın vurduğu ziyandan qurtulmaq üçün bu sektora 3 ildən 5 ilə kimi vaxt tələb olunur. Onlar qiymətlərin aşağı düşməsi prosesinin hələ başa çatmadığını da güman edirlər.