Dünyanın ən maraqlı şirkəti adlandırılan Amerikanın “National Geographic Society” elm və maarif təşkilatı özünün “Nat Geo Music” səsyazma firmasını açıb. Bu barədə təşkilatın yaydığı press-relizdə bildirilir. “Nat Geo Music”də janrından asılı olmayaraq, dünyanın hər yerindən müasir musiqi ifaçılarının yazılarının buraxılması nəzərdə tutulub.

Firma artıq yayım hüququ ilə bağlı bir neçə şirkətlə müqavilə bağlayıb. ABŞ-da “Nat Geo Music”in məhsullarını “INGrooves”, Avstraliya və Yeni Zelandiyada “Shock Records”, Kanadada “Napadogan Music”, dünyanın digər ərazilərində isə “ADA Global” yayacaq.
“Nat Geo Music”in nümayəndəsi Met Uittinqton bildirib ki, yeni şirkət musiqi sahəsində də öz prinsiplərindən kənara çəkilməyəcək. Leybl “National Geographic Society”nin ümumi prinsiplərinə əməl etməyə çalışacaq və musiqi vasitəsilə insanları təbiətə diqqətlə yanaşmağa ruhlandıracaq.