Fransanın Nant şəhərində avstriyalı bəstəkar Volfqanq Amadey Motsartın indiyə kimi məlum olmayan əsərinin fraqmenti ifa edilib. “Reuters” agentliyi qeyd edir ki, naməlum əsəri “Stradivariya” ansamblının bədii rəhbəri, skripkaçı Daniel Kyuye ifa edib. Əsərin premyerası skripkaçının ən yaxın dostları və bu tədbirə akkreditasiya edilən jurnalistlərdən ibarət məhdud dairədə baş tutub. Motsartın not kağızında yazdığı bir neçə sətrin ifası 2 dəqiqə çəkib.


Xatırladaq ki, Motsartın imzası olan not kağızı 2007-ci ildə Nant bələdiyyə kitabxanasında tapılıb. Lakin tapıntı barədə ilk dəfə 2008-ci ilin sentyabrında - mütəxəssislər sənədin həqiqiliyini sübuta yetirəndən dərhal sonra məlumat verilib. İlkin qiymətləndirməyə görə, avstriyalı bəstəkarın naməlum əsərinin fraqmentinin qiyməti 200 min avroya yaxındır.

Motsartın yazdığı not kağızı Nant kitabxanasına 1870-ci ildə verilib. Kitabxana bu sənədi kolleksiyaçı Pyer-Antuan Labuşerodan alıb. Lakin işçilər uzun müddət həmin əlyazmanın orijinal deyil, surət olduğunu güman ediblər. Sənədin həqiqiliyini Zalsburqdakı “Motsarteum” konservatoriyasının rəhbəri Ulrix Lyayzinqer müəyyən edib.