«Walt Disney» kinokompaniyasının «Narniya salnamələri» layihəsində iştirakdan imtina etməsindən bir ay sonra serialın çəkilişinə cavabdeh olan «Walden Media» studiyası yeni maliyyə mənbəyi tapıb. «Variety»in verdiyi məlumata görə, filmin çəkilişini «20th Century Fox» kompaniyası davam etdirəcək.
  
   Tərəflər hələ filmin büdcəsi ilə bağlı tam razılaşma əldə etməyiblər və ssenari də tam təsdiq olunmayıb. Lakin hər iki tərəf çəkilişlərin 2009-cu ilin sonunda başlayacağına və filmin 2010-cu ilin sonuna kimi böyük ekranlara buraxılacağına ümid edir.
   Xatırladaq ki, «Walt Disney» kinokompaniyası büdcə və loqistika səbəbindən «Narniya salnamələri: Sübh fatehi və ya dünyanın o biri başına üzmək» filminin çəkilişlərini maliyyələşdirməkdən imtina edib.
   Qeyd edək ki, filmin ikinci hissəsinin çəkilişləri o qədər də uğurlu alınmayıb. 200 milyon dollar xərc çəkilən «Narniya salnamələri: Kaspian şahzadəsi» Şimali Amerikada cəmi 141 milyon dollar toplayıb. Vəziyyəti ancaq «Kaspian şahzadəsi»nin beynəlxalq prokatda 280 milyon dollar qazanması xilas edib.