Britaniyalı müğənni Elton Con onun adını daşıyan iPod Nano musiqi pleyrləri buraxıb. Bu barədə «ContacMusic» məlumat yayıb.
   Musiqi qurğusunun bir ədədinin qiyməti 400 funt-sterlinqdir. Qurğunun arxa hissəsində lazerlə Elton Conun imzası yazılıb. iPod Nano musiqi pleyrləri min nüsxədən ibarət məhdud sayda buraxılıb. Pleyrlərin satışından əldə ediləcək vəsaitin bir hissəsi Elton Conun adını daşıyan xeyriyyə fonduna keçiriləcək. Bu fond 1992-ci ildən QİÇS-lə mübarizə ilə məşğul olur. Fond indiyə kimi həmin məqsədlə 100 milyon funt-sterlinq xərcləyib.
   Müğənninin nümayəndəsinin sözlərinə görə, Elton Con adətən bu və ya digər məhsula adının yazılmasına icazə vermir. Bu dəfə isə o, imzasının qoyulmasına etiraz etməyib: «Çünki pleyrlər onun özü kimi ekstravaqant və qeyri-adi alınıb».