Məşhur Hollivud aktyoru Al Paçino Uilyam Şekspirin «Kral Lir» əsərinin yeni ekran variantında əsas rol oynayacaq. «Variety»in məlumatına görə, filmi rejissor Maykl Redford çəkəcək. Qeyd edək ki, Al Paçino Redfordun «Venesiya taciri» filmində də əsas rollardan birini oynayıb.
   Filmin prodüseri qismində isə Barri Navidi çıxış edəcək. Qeyd edək ki, Navidi də «Venesiya taciri»ndə Al Paçino ilə əməkdaşlıq edib: «Mən bir neçə dəfə Al Paçinoya Kral Lir rolunu oynamağı təklif etmişəm. Amma o, hər dəfə hazır olmadığını bildirirdi. Bu film öz stilinə görə «Venesiya taciri»nə - gözəl əsərin klassik ekran variantına çox oxşayacaq».
   Filmin çəkilişlərinə artıq bu ilin ortalarında başlamaq nəzərdə tutulub. Çəkilişlər Avropada aparılacaq. Layihə Britaniya və İrlandiya şirkətlərinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.
   Qeyd edək ki, Şekspirin məşhur əsərini dəfələrlə ekranlaşdırıblar. Məsələn, müxtəlif illərdə Kral Lir rolunu Lourens Olivye, Orson Uells və Pol Skofild kimi aktyorlar oynayıblar. 2008-ci ildə əsərin daha bir versiyasının çəkilişlərinə hazırlıq görüldüyü barədə məlumat verilmişdi. Filmi rejissor Coşua Maykl Stern çəkməliydi. Kral Lir rolunu isə Entoni Hopkinsin oynayacağı bildirilirdi. Onun qızları rollarını Naomi Uots, Kira Naytli və Qvinet Peltrou ifa edəcək.