Versal sarayında XVI Lüdovikin geyim otağı bərpa edilərək ziyarətçilərin istifadəsinə verilib. «La Parisien» qəzeti xatırladır ki, XVI Lüdovik XVIII əsrin sonunda Fransa inqilabı zamanı edam edilib.
   Əvvəllər 13 kvadratmetr sahəsi olan bu otaq ziyarətçilərin üzünə bağlı olub. Qəzet yazır ki, həmin otağı qəsrin əsl mirvarisi adlandırmaq olar. Onu 1788-ci ildə tikib qurtarıblar. Bu, sarayda ən son tikilən otaqdır. Orada bəzək işləri isə 1789-cu ildə başa çatdırılıb.
   Qarderob ağ taxta, qızıl suyuna çəkilən bürünc bəzəklərdən hazırlanıb. Qıfıllar və digər metal əşyalar əsl zərgərlik əsəri kimi düzəldilib. Otaqda İtaliya mərmərindən kamin qurulub. Tarixi əsərlərin baş arxitektoru Frederik Didye bildirib ki, bu, saraydakı ən gözəl kamindir.
   Kaminin sağ tərəfində kralın şəxsi tualet stulu yerləşir. Taxta divar panellərinin yuxarı hissəsi ticərat, kənd təsərrüfatı, müharibə, elm və incəsənət mövzusunda zəngin ornamentlə bəzədilib.
   Qeyd edilir ki, XVI Lüdovik həmin otaqdan demək olar ki, istifadə etməyib. O, sələfi XV Lüdovikin otağında qalmağı xoşlayırmış. Amma deyilənə görə, geyim otağı məxsusi olaraq XVI Lüdovik üçün düzəldilən yeganə otaq olub.
   Otağı ledi Mişelhem Hellinqlinin Versal sarayına 480 min avro verməsi nəticəsində bərpa etmək mümkün olub.