Amerikanın «Walt Disney» kinokompaniyasının sonuncu maliyyə kvartalı ərzində təmiz gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz azalıb. Bu barədə şirkətin yaydığı press-relizdə bildirilir. 2008-ci il dekabrın 27-də başa çatan kvartalın nəticələrinə uyğun olaraq gəlir 845 milyon dollar təşkil edib. Qeyd edilir ki, bir il əvvəl analoji kvartalda «Walt Disney» 1,25 milyard dollar təmiz gəlir əldə edibmiş.
   Kinokompaniyanın icraçı direktoru Robert Ayqerin sözlərinə görə, gəlirin aşağı düşməsinin əsas səbəbi DVD məhsullarının satış həcminin azaldılması ilə bağlıdır. Ekspertlər bildirirlər ki, getdikcə daha çox istifadəçi filmləri İnternetdən almağa üstünlük verir. Bundan əlavə, alternativ rəqəmsal formatlar da inkişaf edir. Əsas səbəb isə böyük maliyyə böhranı ilə bağlıdır.
   «Walt Disney» şirkəti 1923-cü ildə kiçik animasiya studiyası kimi yaradılıb. İndi isə o, dünyanın ən böyük studiyalarından biridir. «Walt Disney»ə 11 tematik əyləncə parkı, iki akvapark, bir neçə teleradioyayım şəbəkəsi, o cümlədən Amerikanın ABC kompaniyası aiddir.