«Hilton» hotellər şəbəkəsinin keçmiş varisi Peris Hilton ser Pol Makkartniyə birgə musiqi yazdırmaqla bağlı təklif irəli sürüb. «The Sun» qəzeti yazır ki, Hilton «The Beatles» qrupunun keçmiş üzvünü «Grammy» musiqi mükafatının təqdimetmə mərasimindən sonra Los-Ancelesdə keçirilən banketdə yaxalayıb.
   Peris Hilton Makkartniyə müraciət edərək musiqi ilə məşğul olduğunu və onunla bir yerdə duet oxumaq istədiyini bildirib. Lakin 66 yaşlı Makkartni gərgin iş rejimi olduğunu və onunla əməkdaşlıq etməyə vaxt tapa bilməyəcəyini qeyd edib.
   Ser Pol Makkartni musiqi fəaliyyətinə 1957-ci ildə başlayıb. O, bu müddət ərzində 22 albom buraxıb. Bu albomlar siyahısına onun 1971-ci ildə yaratdığı «Wings» qrupu ilə bir yerdə yazdırdığı val da daxil olsa da, «The Beatles»in tərkibində yazdırdığı albomlara aid edilmir. Makkartni indiyə kimi bütün dünyada 1 milyarddan çox diskini sata bilib.
   Peris Hiltonun «Paris» adlı debüt albomu isə 2006-cı ildə «Heiress» leyblında buraxılıb və Britaniya hit-paradında 29-cu yeri tutub. Onun növbəti albomunun buraxılışı bu ilə nəzərdə tutulub.