«Forbes» jurnalı Hollivudun ən çox gəlir gətirən aktyorlarının reytinqini dərc edib. «Associated Press» agentliyinin məlumatına görə, siyahıya qaradərili aktyor Uill Smit başçılıq edir.
   Smitin iştirak etdiyi filmlər 2009-cu il fevralın 1-nə kimi 5,2 milyard dollar (ABŞ-da 2,3 milyard, xaricdə isə 2,9 milyard dollar) yığıb. Bu zaman üç ən uğurlu filmin payına 2 milyard düşür: «Müstəqillik günü» (1996) 817 milyon, «Xenkok» (2008) 624 milyon, «Qara geyimli adamlar» (1997) isə 589 milyon dollar yığıb. Smitin rol aldığı son yeddi filmin hamısı ənənəvi olaraq kassa yığımlarına görə lider olub. İkinci yeri Conni Depp, Bred Pitt, Leonardo di Kaprio və Ancolina Coli bölüşdürüblər. İlk iyirmiliyə Tom Henks, Denzel Vaşinqton, Meril Strip, Cek Nikolson və Mett Deymon kimi ulduzlar da daxildir.
   Reytinqin tərtib edilməsində kino istehsalı sahəsində prodüserlər və ekspertlər iştirak ediblər. Onlara kommersiya cəlbediciliyi baxımından 1400 aktyoru qiymətləndirmək təklif olunub. Bu zaman aktyorun öz iştirakı ilə filmin çəkilişlərini maliyyələşdirmək, kinoteatrlarda kassa yığımlarını təmin etmək, layihənin DVD-də, kabel kanallarında və televiziyadakı uğuruna təminat vermək imkanları qiymətləndirilib.
   Qeyd edək ki, Uill Smit yanvar ayında «International Motion Picture Almanac» jurnalını dərc edən «Quigley» nəşriyyat evinin versiyasında da 2008-ci ildə ən çox gəlir gətirən aktyor hesab edilmişdi. Nəşriyyat evi o zaman kinozalların və kinoicarədarların arasında sorğu aparmışdı.