Anri Matissin «Göy və çəhrayı tonlarda nərgiz və süfrə» (("Les coucous, tapis bleu et rose", 1911) əsəri «Christies» auksionunda 32 milyon avroya satılıb. Auksion evinin rəsmi saytında bildirilir ki, bu əsər modelyer İv Sen-Loranın şəxsi kolleksiyasından götürülüb. Auksionun məbləği Matissin əsəri üçün indiyə qədər verilən rekord məbləğ olub və ilkin18 milyon avro dəyərində qiymətləndirməni təxminən 2 dəfə üstələyib.
Pit Mondrianın, Konstantin Brankuzinin və Marsel Düşanın işləri də yeni rekord vurub. Brankuzinin 1914-1917-ci illər arasında hazırladığı «Madam L.R.» heykəli 26 milyon avroya satılıb. Qeyd edək ki, bundan əvvəlki rekord 2005-ci ildə qeydə alınıb. O zaman Brankuzinin heykəlinə 27,45 milyon dollar ödəyiblər.
Düşanın «Ətir flakonu» ("Belle haleine: eau de voilette", 1921) 7,9 milyon avroya satılıb. Bundan əvvəlki rekord 2002-ci ildə qeydə alınıb - 1,8 milyon dollar. Mondrianın 1922-ci ildə çəkdiyi abstrakt kompozisiyası 19,2 milyon avroya satılıb.
Pablo Pikassonun ən bahalı əsər olacağı güman edilən «Masa üzərində musiqi alətləri» isə layiqli alıcı tapmayıb. Alqı-satqı zamanı qiymət ilkin olaraq göstərilən 25 milyon avrodan aşağı düşdükdən sonra əsər satışdan çıxarılıb.