Norveçin cənubundakı Larvik şəhər kilsəsindən İntibah dövrünün alman rəssamı Böyük Lukas Kranaxın əsəri oğurlanıb. «France Presse» agentliyi qeyd edir ki, 1x1 metr ölçüdə olan və «Uşaqlara mənim yanıma gəlməyə icazə verin» adlanan əsər kilsənin 1677-ci ildə açıldığı gündən orada olub. Oğurlanan əsərin təxmini qiyməti 2,8 milyon dollardır. Oğrular binaya nərdivan vasitəsilə daxil olublar və pəncərəni sındırıblar. Polis əməkdaşları bildirirlər ki, hələlik cinayətkarlarla bağlı heç bir informasiyaya malik deyillər. Yaşı 450 ilə yaxın olan əsər barədə məlumat beynəlxalq polis orqanlarına göndərilib. Böyük Lukas Kranax 1472-ci ildə doğulub. Mənzərə və qrafik portretlər ustası kimi məşhurlaşıb, dini mövzuda çoxsaylı əsərlər və kompozisiyaların müəllifidir. Onun 1553-cü ildə Veymarda öldüyü barədə informasiya var.