Nüfuzlu «Forbes» jurnalı dünyanın ən varlı şəxslərinin siyahısını dərc edib. «NEWSru»nun məlumatına görə, təxminən mindən çox milyarder arasında öz varidatını bədii yaradıcılıqla qazanan 5 nəfərin də adı var.
   Bu siyahıda ilk iki yeri Hollivudun məşhur kinorejissorları Corc Lukas və Stiven Spilberq tutur. «Ulduz müharibələri» və «İndiana Cons» barədə serialların müəllifləri olan bu məşhur şəxslər kino dünyasında onilliklərlə davam edən karyeraları ərzində hərəyə 3 milyard dollar qazanıblar. Maraqlıdır ki, beynəlxalq böhran nəticəsində Lukasın varidatı təxminən 900 milyon dollar azalıb. Spilberqin varidatında isə demək olar ki, dəyişiklik olmayıb.
   Onlardan sonra dünya moda aləminin iki məşhur şəxsinin adı gəlir. 2009-cu ilin martına olan məlumata görə, modelyerlər Corc Armani və Ralf Lourenin varidatı 2,8 milyard dollardır. Maraqlıdır ki, böhran nəticəsində italiyalı Corc Armaninin varidatı 2,2 milyard, amerikalı Lourenin varidatı isə 1,4 milyard dollar azalıb.
   Əsərlərinin uğurlu satışı nəticəsində milyarder olan yeganə yazıçı isə «Harri Potter» barədə nağılların müəllifi, britaniyalı yazıçı Coan Roulinqdir. Son bir il ərzində onun varidatının məbləği dəyişməyib və 1 milyard dollara bərabərdir.