Amerikanın «HarperStudio» nəşriyyatı Mark Tvenin indiyə qədər çap edilməyən 24 əsərindən ibarət məcmuə buraxmaq niyyətindədir. Kitab 2009-cu il aprelin sonunda çapdan çıxmalıdır.
   
   «The Guardian» yazır ki, kitabın «Who is Mark Twain?» («Mark Tven kimdir?») başlığı «Frank Fuller and My First New York Lecture» («Frenk Fuller və mənim Nyu-Yorkdakı ilk mühazirəm») oçerkindən götürülüb. Mark Tven həmin oçerkdə xatırlayır ki, ilk mühazirəsinin taleyindən narahat olaraq bütün şəhəri afişalarla bəzəyib. Amma bir müddət sonra təsadüfən iki kişinin danışığını eşidib. Onlardan biri soruşub: «Mark Tven kimdir?» İkincisi cavab verib: «Allah bilir. Mən isə bilmirəm».
   Məcmuəyə dəfn biznesi barədə yumoristik hekayə, eləcə də Ceyn Ostin barəsində oçerk də daxildir. Mark Tven bu oçerkdə öz-özünə sual verir: görəsən, britaniyalı yazıçı bütün digər fəsillərdə qəhrəmanlarının sevilməsi, kitabın ortasında isə onlara nifrət edilməsini qəsdən təşkil edib?
   Mark Tvenin (1835-1910) irsi XIX əsrin Amerika yazıçıları arasında ən genişi sayılır. Tom Soyer barədə kitabın müəllifi bütün şəxsi kağızlarının və qaralamalarının yandırılmasını vəsiyyət etsə də, onun vəsiyyətinə əməl edilməyib. Maraqlıdır ki, Mark Tvenin «Qeklberri Finnin macəraları» kitabı ABŞ-ın məktəb kitabxanasının imtina etməyə çalışdığı kitablar siyahısına daxildir. Bu kitabda irqçiliyin təbliğ edildiyi bildirilir.