«Oskar» mükafatının sayca 82-ci təqdimetmə mərasimi 2010-cu il martın 7-də Hollivuddakı «Hollivud and Heyland» əyləncə mərkəzinin «Kodak» teatrında keçiriləcək. Bu barədə dünyanın ən nüfuzlu kinomükafatını təqdim edən Amerika Kino Akademiyasının mətbuat xidməti məlumat yayıb.
   Qeyd edək ki, bu il mükafat fevralın 22-də təqdim edilmişdi. Lakin gələn il fevralın 12-dən 28-nə kimi Qış Olimpiya oyunlarının keçirilməsi səbəbindən, təqdimetmə mərasiminin vaxtı da dəyişdirilib. Qeyd edək ki, uzun illər ərzində mükafat martın sonunda təqdim edilib. Amma 2004-cü ildə təqdimetmənin vaxtını bir ay qabağa çəkmək barədə qərar qəbul edilib. 2006-cı ildə isə təqdimetmə yenə mart ayına keçirilib. O zaman da vaxtın dəyişdirilməsinə Olimpiya oyunları səbəb olub.
   Qızıl heykəlciklərin nominantlarını müəyyən etmək üçün bülletenlər 2009-cu il dekabrın 28-də Amerika Kino Akademiyasının 5,2 min üzvünə göndəriləcək. Nominantların adları isə 2010-cu il fevralın 2-də Akademiyanın Beverli-Hilzdəki binasında xüsusi mətbuat konfransı zamanı açıqlanacaq.