Martın 18-də xizək sürən zaman aldığı beyin zədəsindən vəfat edən məşhur Hollivud aktrisası Nataşa Riçardsonun ailəsi onun daxili orqanlarının ehtiyacı olanlara verilməsi ilə bağlı qərar çıxarıb. “People” jurnalının verdiyi məlumata görə, ailəsi Nataşa Riçardsonun uzun illər tibbi xeyriyyə tədbirlərində iştirak etməsini nəzərə alaraq bu addımı atıb. Riçardsonların ailə dostu da bildirib ki, mərhum aktrisa həmişə belə tədbirlərin tərəfdarı olub: “Bu faciəli hadisədə yeganə müsbət hal məhz sonuncu addımdır”. O, aktrisanın həyat yoldaşı Layam Nisonun (“Şindlerin siyahısı” filmində baş rolun ifaçısı) da artıq özünə gəldiyini və tezliklə yaradıcılığa qayıdacağını vurğulayıb. Xatırladaq ki, Nataşa Riçardson məşhur aktrisa Vanessa Redqreyvin qızıdır. O, martın 16-da Mon-Tremblan dağ xizək kurortunda beyin zədəsi alıb və 2 gün sonra Nyu-Yorkda vəfat edib. Həkimlər onun beyninə qan sızdığını bildiriblər.