«Titanik» filmini çəkən məşhur amerikalı rejissor Ceyms Kameron kinematoqrafiya tarixində ən bahalı film olacaq layihə üzərində işləyir. «KMnews»un verdiyi məlumata görə, fantastika janrında çəkilən filmin adı «Avatar»dır. Filmin büdcəsi artıq 300 milyon dolları keçib. Amma layihə üzərində iş hələ də başa çatmayıb.
   Süjetə görə, planetlər arasında müharibənin veteranı bir qrup insanla bərabər uzaq Pandorra planetinə gedir və orada başqa sivilizasiyanın nümayəndələri ilə mübarizə aparır. Amma sevgi burada da qalib gəlir və baş qəhrəman özgə planetin sakini olan qadına vurulur. Ceyms Kameron filmin ssenarisini hələ 11 il öncə yazıb.
   «Avatar»ın bəzi parçalarını görən jurnalist bildirib ki, xüsusi effektlər o dərəcədə yaxşı işlənib ki, real personajları rəsmlərdən seçmək mümkün deyil.
   Kameron 22 yaşlı baş qəhrəman Cek Salli roluna çox az tanınan avstraliyalı aktyor Sem Uortinqtonu dəvət edib. «Terminal» və «Karib dənizinin quldurları» filmlərində epizodik rollarda çəkilən Zoe Sandana isə baş qəhrəmanın sevgilisini canlandırır. Çəkilişlərin böyük hissəsi Los-Anceles ətrafında və Yeni Zelandiyada aparılıb.
   Qeyd edək ki, hazırda ən bahalı film «Karib dənizinin quldurları»nın üçüncü hissəsi sayılır. Bu filmə 300 milyon dollar xərclənib. Ceyms Kameronun 1997-ci ildə çəkdiyi «Titanik» filminin büdcəsi 200 milyon dollar təşkil edib. Bu, 10 il əvvəl üçün mütləq rekord sayılırdı.