«Titanik»in qəzaya uğramasının 100 illiyində - 2012-ci ildə Böyük Britaniyanın Sauthempton liman şəhərində əfsanəvi sərnişin laynerinin muzeyi açılacaq. «The Guardian» yazır ki, təkcə muzeyin layihələşdirilməsinə 500 min funt-sterlinq (714 min dollar) ayrılıb. Binanın tikintisinə və formalaşdırılmasına isə 28 milyon funt-sterlinq (40 milyon dollar) lazım olacaq. Layihənin maliyyələşdirilməsində 100-dən çox şirkət iştirak etməyə hazırdır.
Muzeydə 400-dən çox eksponat yerləşdiriləcək. Məktublardan tutmuş, gəmi restoranındakı qab-qacağa və «Titanik»in metal fraqmentlərinə kimi. Bu eksponatlar okeanoqraf Robert Ballardın 1985-ci ildə ekspedisiyası zamanı tapılıb. Muzeydə gəminin aysberqlə toqquşmasından sonra sağ qalan 70-dən çox sərnişininin memuarı da toplanıb.
Xatırladaq ki, «Titanik» 2012-ci ildə qəzaya uğrayan zaman onun içində 2200 adam olub. Onlardan ancaq 700 nəfər sağ qalıb. Həmin sərnişinlərdən yalnız bir nəfər - Milvina Din bu gün də yaşayır. «Titanik» batan zaman cəmi 9 həftəlik olan Milvina Dinin hazırda 97 yaşı var.