Malaviya məhkəməsi məşhur pop ulduzu Madonnanın daha bir uşağı övladlığa götürməsinə icazə verməyib. «Associated Press» agentliyinin məlumatına görə, müğənniyə üç yaşlı Mersi Ceymsi övladlığa götürmək nəsib olmayıb. Çünki o, qanunun tələb etdiyi kimi, son 1,5-2 ili daim Malaviyada yaşamayıb.
Qeyd edək ki, pop ulduzu artıq Malaviyadan olan bir uşağı - Devid Bandı övladlığa götürüb. 2006-cı ildə hakimiyyət orqanları Madonnaya güzəştə gediblər. 2008-ci ildə kinorejissor Qay Riçi ilə ayrıldıqdan sonra onların ümumi övladı Rokko və övladlığa götürülən Devid Madonna ilə qalıb. Elə o zaman müğənninin Malaviyadan daha bir uşağı - bu dəfə qız uşağını övladlığa götürmək istədiyi barədə məlumatlar yayılmışdı.
Malaviyanın sosial təminat məsələləri üzrə naziri Madonnanın niyyətini dəstəkləyib. O, ölkədə 2 milyon yetim olduğunu və müğənninin heç olmasa bir uşağı övladlığa götürməklə dövlətə, ilk növbədə isə uşağın özünə kömək edəcəyini bildirib. Buna baxmayaraq, məhkəmə Madonnanın həyat yoldaşının olmadığını əsas gətirərək, güzəştə getməyib və uşağı ona övladlığa verməkdən imtina edib.
Lakin Madonna məhkəmənin qərarı ilə razılaşmayıb. Onun vəkili qərardan apelyasiya şikayəti verdiklərini açıqlayıb.