İranlı rejissor Əsgər Fərhadinin «Ellinin hekayəsi» («Darbareye Elly») adlı filmi Amerikanın «Tribeca» kinofestivalında əsas mükafatı qazanıb. Bu barədə «Reuters» agentliyi məlumat yayıb.
Prodüser Riçard Fişoff, rejissor Tod Heyns, aktyorlar Bredli Kuper, Meq Rayan və Uma Turmanın daxil olduğu münsiflər heyətinin qərarına görə, «Ellinin hekayəsi» universal mövzular və xarakterlər, sədlərin dağıdılması və «Bizim dünyanı başa düşməyimizin dərinləşdirilməsinə» görə əsas mükafata layiq görülüb. Əsgər Fərhadiyə 25 min dollar mükafat verilib.
Bundan əvvəl «Ellinin hekayəsi» Berlin kinofestivalında ən yaxşı rejissor işinə görə mükafat alıb. Bundan əlavə, film İranın «Fəxr» beynəlxalq festivalında ən yaxşı rejissor və ən yaxşı səs işinə görə iki mükafat alıb.
Əsgər Fərhadi indiyə kimi 11 kino mükafatı alıb. O, «Tozda rəqs edərkən» (2003), «Gözəl şəhər» (2004) və «Atəşfəşanlıq mühiti» (2006) filmləri ilə məşhurlaşıb.
Nyu-Yorkda keçirilən «Tribeca» kinofestivalı 2002-ci ildə aktyor Robert de Niro və prodüser Ceyn Rozental tərəfindən təsis edilib. Onlar 11 sentyabr hadisələrindən sonra Manhetten sakinlərinin mədəni həyatını dəstəkləmək qərarına gəliblər. Builki kinofestivalın proqramına 32 ölkədən 85 film daxil edilib.