Məşhur Hollivud aktyoru Şon Penn həyat yoldaşı Robin Rayt-Pennlə ayrılmaq barədə məhkəmə iddiasını geri götürüb. «Associated Press» agentliyinin məlumatına görə, hüquqi prosedurun ləğv edilməsinin səbəbləri bəlli deyil. Penn jurnalistlərlə görüşündə ancaq onu deyib ki, bir ay əvvəl boşanmaq barədə ərizə verərkən «dəhşətli səhvə» yol verib. Qeyd edək ki, Penn artıq ikinci dəfədir 13 il birgə yaşadığı Robin Raytla ayrılmağa cəhd göstərir. Birinci dəfə onlar 2007-ci ilin dekabrında boşanmağa cəhd ediblər. Lakin sonra ərizə geri götürülüb. Bu dəfə isə cütlük aprelin sonunda məhkəməyə boşanmaq ərizəsi ilə müraciət etmişdi.
Şon Penn və Robin Rayt sonuncu dəfə bir yerdə «Oskar» mükafatının təqdimetmə mərasimi zamanı cəmiyyət arasına çıxıblar. Penn o zaman «Harvi milk» filmində baş rola görə «Oskar» alıb.
KİV Pennin həmin tədbirdə təşəkkür nitqinə diqqət yetirib. Aktyor qazandığı mükafata görə həyat yoldaşına təşəkkür etməyi «unudub». Bəzi məlumatlara görə, Robin Rayt həmin andan ayrılmaq qərarı qəbul edib.
O zaman Şon Pennin özünə yeni sevgili tapdığı da iddia olunurdu. Bəzi KİV-lər aktyorun model Petra Nemtsova ilə görüşdüyünü yazırdılar. Onları bir neçə dəfə özəl gecələrə və gecə klublarına birgə gedən zaman yaxalayıblar.