Noyabrın 20-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində ölkə tarixində ilk dəfə olaraq dünya rəngkarlıq sənətinin dahiləri olan 50-dən artıq rəssamın əsərlərinin sərgisi keçiriləcək. İTAR TASS-ın məlumatına görə, sərginin ekspozisiyasında dünya ekspressionistlərinin və avanqardistlərinin fırçasının məhsulu olan ən məşhur tablolar sənətsevərlərin ixtiyarına veriləcək. Bu sırada dünyaşöhrətli rəngkarlar Mark Şaqalın, Pablo Pikassonun, Salvador Dalinin, Xuan Mironun, Anri Matissanın, Corc Brakın, Aristid Mayolinin və Raul Düfinin indiyə kimi bu ölkədə nümayiş olunmamış 100-dən artıq tablosunun əslinin sərgilənəcəyi bildirilir. Rəsm əsərlərinin hamısında müəllif imzaları vardır və bu əsərlər ABŞ Milli Sənət Gildiyası tərəfindən xüsusi sertifikat almışdır.
Sərginin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Natalya Laputskaya KİV nümayəndələrinə verdiyi müsahibədə qeyd edib ki, sərgiyə gələn seyrçilər nəinki dünya rəssamlığının inciləri ilə tanış olacaqlar, onlar həm də dünya muzeylərində və virtual rəsm hərraclarında iştirak etmək şansı əldə edəcəklər. Sərginin təşkil edildiyi salonda tamaşaçılar yüksək səviyyəli internet xidmətindən də istifadə edə biləcəklər.