Məşhur fransız müğənni Mirey Matyenin adı və şəkli qırx ildən artıqdır ki, qəzet səhifələrindən, afişalardan, jurnalların üz qabığından düşmür. Onun ecazkar səsi radio dalğalarından, maqnitofon və disk yazılarından eşidilir. Gözəl sifətini isə televiziya ekranlarından görmək olur. Həftəlik "Pari matç" nəşri bir dəfə Mirey Matyeni Fransanın ən populyar qadını adlandırmışdı.
Bunlar heç də əsassız deyildi. Müğənni nəğmədən-nəğməyə, konsertdən-konsertə, tez bir zamanda Fransanın estrada musiqi həvəskarlarının məhəbbətini qazandı. Bu incəbədənli, gözəlsimalı, klassik üslubda saç düzümü olan müğənni xanım, bütöv bir dövrün və ölkənin vizit kartı sayıldı. Fransada onunla müqayisə ediləcək bir müğənni tapılmaz ki, ifaçılıq mədəniyyətinin gücünü və dərinliyini Matye kimi göstərməyi bacarsın. Fransanın və dünyanın ən yaxşı bəstəkarları, məşhur Fransis Ley daxil olmaqla onun üçün mahnılar yazıblar.
Mirey Matyenin populyarlığı ölkənin sərhədlərini aşaraq Fransanın özünəməxsus simvoluna çevrilib. 1978-ci ildə fransız heykəltəraş Alen Aslan respublika abidəsinin prototipi kimi Mirey Matyeni seçdi. İndi də Mirey Matyenin daş üzərində həkk olunmuş fiquru Fransanın hər bir şəhərinin fəxri yerində ucalır.
Mirey Matye 1946-cı ildə Fransanın Avinyon şəhərində fəhlə ailəsində doğulub. Orta məktəbi bitirdikdən sonra o, şəhər xəstəxanalarından birində kiçik tibb bacısı işləyib. 17 yaşı tamam olanda Mirey estrada mahnıları müsabiqəsində iştirak edir və qalib gəlir. Gənc müğənninin ifasını görən mütəxəssislər onun məşhur Edit Piafın şöhrətli davamçısı olacağını demişdilər. Bu, həqiqətə çevrildi. Gənc müğənni sənətdə öz yolunu tapdı. Bənzərsiz ifası ilə dinləyiciləri məftun edən Mirey Matyeni o gündən "fransız mahnısının səfiri" adlandırdılar.
Matye 1966-cı ildə Parisin möhtəşəm "Olimpiya" zalında ilk konsertini verdi. Onun ifa tərzində geniş tamaşaçı kütləsinə yönəlmiş demokratik meyil hiss olunurdu. Müğənninin repertuarı çox zəngin idi. O, əsasən fransız şair və bəstəkarların (P.Delano, K.Lemel, J.Revo): - "Məhəbbət himni", "Mənim inam simvolum", "Həyat çəhrayı rəngdədir", "Marselyoza", "Qara gözlər", habelə xarici bəstəkarların dəbdə olan mahnılarını çox gözəl ifa edir. Mireyin çıxışlarını ABŞ, Yaponiya, Meksika, Kolumbiya, Braziliya, Çin, Ukrayna, Rusiya və digər ölkələrdə mahnısevərlər gurultulu alqışlarla qarşılayırdılar. 1997-ci ildə Ukraynada Mirey Matyenin adına muzey açıblar. Özünün təkrarsız ifa tərzi ilə milyonların qəlbinə yol tapan müğənni, 1999-cu ildə Fransanın ən yüksək mükafatını - Fəxri legion ordenini alıb. Çoxları Matyenin yaradıcılığına 60-cı illərdə səhnədən və həyatdan getmiş dünyaşöhrətli Edit Piafın güclü təsir etdiyini söyləyirdilər. Lakin onların ifaları, müəyyən oxşarlığa baxmayaraq, xeyli fərqlidir. Mireyin ifasında düşüncəli lirika, sakit işıq, zərif qadınlıq özünü büruzə verir.
Müğənni adamlarla ünsiyyətdə ürəyiaçıq, xoşrəftarlı və səmimi olmaqla yanaşı, eyni zamanda bir qədər qapalı və sirli görünür. Bu üzügülər qadın imicini qorumaq üçün bir kəlmə də artıq söz işlətməz. Matye jurnalistlərlə söhbət zamanı oxuduğu mahnıların təbii janrı haqqında uzun nəzəriyyələr danışmaqdan qaçır. Onun üçün bunların heç bir əhəmiyyəti yoxdur. Ən vacibi odur ki, oxuduğu nəğmələri dinləyicilər bəyənsin və qəbul etsin. Aktrisalıq onun qanına və iliyinə hopub. Səhnədə olmaq - Mireyin ən güclü ehtirası və demək olar, həyatıdır. O, səhnədə yaşayır. Məhz bu keyfiyyətlərinə görə Mirey Matyenin dünyanın hər bir ölkəsində yüz minlərlə pərəstişkarı var. Hamı onun obrazının, səsinin və oxuduğu mahnıların həsrətindədir. Mirey Matye bu barədə belə demişdi:
- Mən özümü, sadə küçə adamları tərəfindən bəyənilən xalq nəğməkarı hesab edirəm. Mənim üçün başlıcası odur ki, hər bir adamın ürəyinə yol tapa bilim. Fəxr edirəm ki, xalqın müğənnisiyəm. Jak Brel, Jilber Beko və mən dinləyiciləri ənənəvi fransız mahnı mədəniyyəti ilə tanış edirik. Cavan ifaçılar isə çox vaxt ingilis və amerikalı müğənnilərə bənzəməyə həvəs göstərirlər.
Mirey Matye xarici səfər ərəfəsində adəti üzrə, gedəcəyi ölkənin mahnılarını öyrənməyə çalışır. O hesab edir ki, yerli xalqın mahnısı hörmət və ehtiramla qəbul olunmalıdır.
Bu ilin sentyabr ayında M.Matye Moskvada təşkil olunan "Spassk qülləsi-2009" musiqi festivalında iştirak edib. Bu, onun Moskvaya üçüncü gəlişi idi. Dünyaşöhrətli müğənni repertuarında olan ən gözəl mahnıları oxumaqla moskvalılara bolluca sevinc bəxş edib. Yaşının 60-ı keçməsinə baxmayaraq, cavan və cazibəli görünən müğənni qısa fasilə zamanı jurnalistlərin suallarına cavab verməyə imkan tapıb. Matye qeyd edib ki, müğənni üçün dinləyicilərin məhəbbətini qazanmaq, idmançının çempion olub, qızıl medalı alması kimi çətin bir işdir. Bunun üçün daim yorulmadan məşq etməlisən. Onun fikrincə, idman da incəsənətin bir növü sayıla bilər. Bədəni yaxşı formada saxlamaq, pis vərdişlərdən uzaq olmaq və məqsədə çatmaq üçün əzmkarlıq göstərmək idmanda olduğu kimi, sənətdə də vacibdir. Sonda gülərüzlü, mehribanbaxışlı Mirey Matye deyib ki, həyatı, səyahət etməyi və yaşıllığı çox sevir. Geyimdə klassik formaya üstünlük verir. Hobbisi isə qəşəng ayaqqabılardır.
Həsən Tağıyev