Tarix taleyi faciəli olan dünya möcüzələrinə qarşı çox amansız olub. Nəticədə də qədim dünyanın sənət əsərləri - ecazkar abidələrinin yüzdə biri zəmanəmizə qədər gəlib çatmayıb. Bu da sənət aşiqlərini məyus edib. Ancaq onlar ruhdan düşmürlər. Bütün zamanlarda təkrar-təkrar daş yonur, ağac işləyir və şəkil çəkirlər ... Bu səbəbdən də insan zəkasının yaratdığı və dövrümüzə qədər gəlib çatan möcüzələrə cəmiyyət həmişə maraq göstərib. Ona görə də qədim dünyanın ecazkar sənət əsəri və sənətkarları haqda söhbət açmaq çox maraqlıdır..
   
   Dünyanın yeddi möcüzəsindən yalnız biri Avropa qitəsindədir. Bu da Olimpli Zevsin heykəlidir. Ancaq yunanlar Ellada məbədlərini möcüzə kimi qəbul etmirlər. Ona görə də Olimpə möcüzə deyəndə onlar məbədi deyil, yalnız oradakı heykəli nəzərdə tuturlar. Yunanlıların bu cür düşünməsinə baxmayaraq Zevsin adı Olimplə sıx bağlıdır. Belə ki hökmdar Krona görür ki, artıq övladları böyüyüb. Düşünür, gələcəkdə sözsüz ki, onlar hakimiyyətə can atacaqlar. Çox götür-qoy edir və bu işin sonundan qorxur. Məhz buna görə də övladlarını udur - yeyir. Təkcə Zevs xilas olunur... Onun adı ilə bağlı əsatirlərdə yazılır: o, nağıl qəhrəmanları kimi çox kiçik ikən xeyirxah bir adam tərəfindən xilas olunur... Kron övladlarını yeyərkən arvadı imkan tapıb Zevsin əvəzinə ərinə iri bir daş verir. O da həmin daşı udur...
   Hakimiyyət uğrunda mübarizədə Zevs atasına qalib gəlir. Sonra onu qusmağa məcbur edir... O, Zevsin qardaş və bacısını, bir də həmin daşı gəyirib qaytarır... Onu da deyim ki, vaxtilə Olimpiya oyunları bu hadisə ilə əlaqədar təşkil olunub. Açılışı da Zevsə qurban kəsməklə başlanıb. Zevsin müqəddəs yeri Olimp məbədi olur. Böyük Fidinin yaratdığı Zevs heykəli də axırda həmin məbədə qoyulur...
   Eramızın ıv əsrində Zevsə heykəl qoyulması məsələsi ortaya çıxır. Bu iş Ellada memarları arasında işi və bacarığı ilə tanınan heykəltəraş Fidiyə tapşırılır. Düzdü, Zevsin heykəli onu çox məşhurlaşdırır. Ancaq o, bu, heykələ qədər Parfenomdakı Afina heykəlini və Parfenonun divar relyeflərini yaradıbmış. O, Perekl ilə birlikdə Afinanın yenidən qurulması və bəzədilməsi planını hazırlayır. Bu da Fidiyə baha başa gəlir. Dostu və hamisi olan Periklin düşmənləri ona da düşmən kəsilir. Onu Afina heykəlini düzəldərkən qızıl və fil sümüyü gizlətməkdə ittiham edirlər. Ancaq çox keçmir Fidinin hörməti bədxahlara qalib gəlir. Ellada sakinləri girov qoyur və onu azad edirlər. O, Olimpə qayıdır və bir neçə il orada qalır. Yarımçıq qalmış Afina heykəlini başa çatdırır. Bu həmin o, heykəldir ki, indi sikkələrdə təsviri var...
   Fidi verdiyi sözə əməl edir və Zevsin heykəlini də başa çatdırır. Heykəl ağacdan və qurşağacan çılpaq şəkildə olur. Bədəni fil sümüyündən, paltarı isə qızıl vərəqlərdən hazırlanır. Bir əlində qələbə allahı Hikinin qızıl heykəli, o biri əlində isə əsa tutur. Məbədin uzunluğu altmış dörd, eni iyirmi səkkiz, içəridən hündürlüyü isə iyirmi metr olur. Heykəl salonun yuxarı başında oturmuş şəkildə qoyulur.
   Zevsin heykəli və onun oturduğu taxt dövrümüzə qədər gəlib çatmayıb. Lakin onun təsviri qalır. Şəkildə taxtın fil sümüyündən hazırlanmış barelyeflərlə və allahların qızıl heykəlləri ilə bəzədilməsi aydın görsənir...
   O zamandan xeyli vaxt keçir. Bizansda bütpərəstlik dini xristian dini ilə əvəz olunur. Bütpərəstlik abidələrinə bir laqeydlik yaranır. Lakin bütün bunlara baxmayaraq V əsrdə Bizans imperatorunun əmri ilə Zevsin heykəli böyük hörmət və ehtiramla Konstantinapola gətirilir. İmperatorun təşəbbüsü ilə gətirilən heykələ qorxusundan heç kim toxunmur. Hətta bütpərəst gözəlliyinin düşməni olan xristian fanatikləri heykəli məhv etməyə cürət etmirlər. Ancaq heykəli aradan götürmək üçün yollar aranır. İşin üstündən xeyli vaxt kçir. Bir gün kilsədə yaşlı bir mömin din xadimlərinə deyir: bütpərəst heykəlinin xristian məbədində saxlanılması böyük qəbahətdir... Onun məhv edilməsinin yollarını göstərir. Bu işdə heç kim ittiham olunmaması üçün imperatorun sarayı tamam yanmalıdır. Bu fikir xristian fantiklərinin ağlına batır. Eramızın V əsrində II Feodosinin sarayı yandırılır. Nəhəng ağac heykəl odun və xristian fanatiklərinin qurbanı olur...
   İndi böyük Fidinin sənət əsərindən - Olimpli Zevsin heykəlindən yalnız bir neçə qaralmış sümük lövhəcik və bir də ərimiş qızıllar qalıb...
    Dünyanın yeddinci möcüzəsi bax beləcə məhv olunub.
   
   Savalan Fərəcov