Dəb dünyası
Dünyaca məşhur dizayner sülaləsinin əsasını qoyan Canni (Gianni) Versace 1946-cı ildə İtaliyanın kiçik bir əyalət şəhəri olan Redjo-di-Kalabriyada anadan olub. Modelyerin anası peşəkar dərzi idi. Anasının işlədiyi atelye onun üçün həm məktəb, həm də universitet rolunu oynayıb. Canni sonralar uşaqlıq illərini xatırlayaraq “bu sənətdə peşəkarlığa görə yalnız anama borcluyam”, - deyirdi. Məktəbdə elə də yaxşı oxumayan Canni 18 yaşında təhsili atır və dərziliklə məşğul olmağa başlayır. Versacenin ilk qadın geyimləri kolleksiyası 1978-ci ildə nümayiş olunur. Canni artıq öz arzusuna çatır. O bahalı evlər alır, səyahət edir, əntiq mağazalarda pulu göyə sovururdu. 1997-ci ildə Canni Versacenin faciəli ölümündən sonra hamı onun moda imperiyasının süqut etdiyini düşünürdü.
Lakin bacısı Donatella onun ənənələrini davam etdirir. Amma müasirliyi də unutmur. Reklam kampaniyalarının təşkili və imic yaratmaqda peşəkar olan Donatella qısa müddət ərzində Versace markasına yenidən öz şöhrətini qaytara bilir. O, Canninin reklam ənənələrinə sadiq qalaraq işə yalnız məşhurları cəlb edir və onların iştirakı olmadan heç bir nümayiş keçirmir. Versace moda nümayişlərinin sadiq qonaqları siyahısında Elton Con, Elizabet Hurley, Zeta Cons, Keyt Moss və başqaları var. Versacenin reklam çarxlarında isə Madonna, Demi Mur və başqa ulduzlar çəkilib.
Hazırladı: Səbinə Məmmədova