Dəb dünyası
   
      
   “Moda insanları bir araya gətirmək üçündür, onları bölmək üçün deyil”. Bu sözlər 1920-ci ildə Fransanın cənubundakı Arl şəhərində anadan olmuş modelyer Lui Feroya (Louis Feraud) məxsusdur. O hələ kiçik yaşlarından gözəl rəsmlər çəkir. Şəhərin parlaq günəşi və havası yaradıcılığının ilham mənbəyi olur. Dəb dünyasına da orijinal üslublu rəssam kimi qədəm qoyur.
   1947-ci ildə gənc Lui Kann şəhərinə gəlir və burada rəssamlıqla məşğul olur. Kann kinofestivalında məşhur adamlarla tanışlıqdan sonra isə onda modelyerliyə həvəs yaranır. 1950-ci ildə Kannda ilk mağazasını açır, 1952-ci ildə kolleksiyasının təqdimatını keçirir. Orijinal modellərilə diqqət çəkir, mətbuat onu moda aləminin yeni ulduzu adlandırır.
   Gənc dizayner 1953-cü ildə məşhur aktrisa Brijit Bardo ilə tanış olur. Məhz bu tanışlıq “Louis Feraud” markasını daha da şöhrətləndirir. Ağ-qara kostyumlar və qısa ətəklər hamı tərəfindən daha çox sevilir. 1957-ci ildə Lui şöhrətin zirvəsinə çatır. İnqrid Berqman, Elizabet Teylor kimi ünlülər ona sifarişlər verirdilər.
   Məşhur modelyer Oleq Kassini (Jaklin Kennedinin dizayneri) ilə görüş onun həyatında həlledici rol oynayır. O, Lui Fero ilə müqavilə bağladıqdan sonra tezliklə onun “Feraud” geyimləri Amerikaya ayaq açır.
   1962-ci ildə Feronun “ready-to-wear“ kolleksiyasının Amerikanın 30-dan çox şəhərində satışı təşkil olunur. Az sonra onun modelləri İngiltərədə satılmağa başlayır. 1965-ci ildə ilk ətri - “Justine” - satışa çıxarılır.
   Dizaynerin 1984-cü ildə yaz-yay kolleksiyası “Qızıl üskük” adlı mükafata layiq görülür. 1988-ci ildə Parisdə Luinin rəsm əsərləri sərgilənir. “Şah” adlı ictimai kolleksiyası “Best 1988” mükafatı ilə təltif olunur. Məhz rəsm sərgilərinə görə o, 1991-ci ildə “İncəsənət şahzadəsinin həyatı” fəxri adına da layiq görülür. 1995-ci ildə isə Fransa prezidenti Fransua Mitteran onu “Fəxri Legion” ordeni ilə təltif edir.
   1996-cı ildə rəssam moda evinin açarını qızı Domenikaya verir. Özü isə ömrünün sonunadək rəssamlıqla məşğul olur. Bundan sonra “Louis Feraud” moda evi Domenikanın rəhbərliyi ilə zərgərlik işləri ilə də məşğul olmağa başlayır və ilk zərgərlik kolleksiyasını 1997-ci ildə təqdim edir.
   Lui Fero 1999-cu ildə, 79 yaşında vəfat edir. Bu gün “Louis Feraud”ın butikləri dünyanın demək olar ki, hər yerində fəaliyyət göstərir.

   Hazırladı: Səbinə Məmmədova