Yaponiyada gavalıların çiçəkləməsi münasibətilə ənənəvi “Ume maçuri” festivalı keçirilir
   
   Yaponiyada sakuranın çiçəkləməsi, yaponların həmin ağacların yerləşdiyi ərazilərə gedərək bu mənzərədən necə zövq alması barədə çox yazılıb. Lakin bu gündoğar ölkədə yazın ilk çiçəkləri məşhur sakuralarda deyil, “ume” adlandırılan gavalı ağaclarında açır. Sakuradan fərqli olaraq, gavalı ağacları fevralda çiçəkləməyə başlayır. Yaponların gavalı ağacının çiçəklərindən zövq almaq ənənəsi (“ohanami”) də özlüyündə bir mədəniyyətdir.
   Sakura kimi, gavalı ağaclarının da bu ölkədə çoxlu növləri məlumdur, üstəlik birincidən fərqli olaraq, gavalı çiçəkləri çox güclü ətrə malikdir.
   Yapon gavalısı ume (bəzən onu “yapon əriyi” də adlandırırlar) bu ölkənin mədəniyyətində əsrlər boyu xüsusi rol oynayıb. Çiçək açmış gavalıdan zövq almaq ənənəsinin əsası isə Yaponiyaya Çindən keçib. Bu ənənə VIII əsrdə imperator Naranın dövründə geniş yayılıb. Yazda ilk açan gavalı çiçəkləri yapon poeziyasında çox zaman baharın rəmzi kimi təqdim olunur.
   Yaponiyada gavalı ağacları ilk olaraq Cənubda çiçəkləyir. Tokioda isə bu, fevralın ortaları - martın əvvəllərinə təsadüf edir. Gavalı ağaclarının çiçəkləməsinə həsr edilmiş festivallar Yaponiyanın hər yerində - parklarda və məbədlərdə təşkil olunur. Bu bayram “Ume maçuri” adlanır. Tokioda gavalı çiçəkləri ilə zövq almaq üçün insanların ən çox toplaşdığı yerlər Koişikava Korakuen, Haneqi parkları və Yuşima Tengin məbədidir.
   Fevralın 8-dən martın 8-dək davam edən gavalı festivalı istirahət və qeyri-iş günlərində müxtəlif tədbirlərlə qeyd olunur.