Çexiya Respublikasının Plzen şəhəri 2015-ci ildə Avropanın mədəniyyət paytaxtı olacaq. Çexiyanın kurort bölgəsi kimi tanınan Qərbi Bohemiyada yerləşən qədim şəhər mühüm sənaye və mədəniyyət mərkəzi kimi tanınır. Ölkənin böyüklüyünə görə dördüncü şəhəridir. 1295-ci ildə əsası qoyulan Plzen şəhəri gələn il 720 yaşını Avropanın mədəni mərkəzi kimi qeyd edəcək.
İl ərzində şəhərdə çoxsaylı tədbirlər keçiriləcək, həmçinin dünya mədəni irsinin tanıtımına yer veriləcək. 2015-ci ilin iyununda Plzendə Kioto simfonik orkestrinin konserti planlaşdırılıb, böyük kalliqrafiya və bonsay sərgiləri təşkil ediləcək.