Kinodan getmək istəyərkən “Kuban kazakları” filmi ilə həyatı dəyişən, sağlığında heykəli qoyulan, Stalin mükafatı laureatı, SSRİ-nin Xalq artisti Klara Luçko bu gün orta və yaşlı nəsil tamaşaçıların yadında daha çox məşhur “Qaraçı” telefilmində oynadığı rol (Budulayın həyat yoldaşı) ilə qalıb.
Klara Luçko 1925-ci il iyulun 1-də Ukraynanın Çutove rayonunda anadan olub. Atası Stepan Luçko və anası Anna İvanovna kənd təsərrüfatında rəhbər vəzifələrdə (sovxoz direktoru və kolxoz sədri) işləyiblər. Anası eyni zamanda səyyar teatrda işləyib, kilsə xorunda oxuyub. Valideynləri inqilabçı Klara Setkinin şərəfinə qızlarına bu adı vermişdilər. Ata-anası işlə əlaqədar evdə az olduqlarından Klara demək olar ki, nənəsinin yanında böyüyüb.
Sakit və heç kəsə qaynayıb-qarışmayan Klara çoxlu kitab oxuyub, gündəlik yazıb, teatr və kinonu isə çox sevib. Nənəsinin mehribanlığı və yumor hissi onun həyatını gözəlləşdirib. Sonra atası Pedaqoji İnstituta qəbul olunduğuna görə onların ailəsi Poltavaya köçüb. Klara orta məktəbə orada gedib. Hündürboy olduğundan uşaqlar onu “zürafə” deyərək çağırsalar da, o, buna heç əhəmiyyət də verməyib.
1941-ci ildə Klara 7-ci sinfi bitirəndə Böyük Vətən müharibəsi başlayır və ailələri Qazaxıstanın Cambul şəhərinə evakuasiya olunur. Klara orada orta məktəbi bitirir. Uşaqlıqdan aktrisa olmaq istəyən Klara məktəbdə oxuyarkən teatr dərnəyinə yazılır. Valideynləri isə onu aktrisa yox, həkim və ya hüquqşünas görmək istəyirdi. Amma o, yolundan dönmür. Onun istəyinə qarşı çıxan anası sonradan qızının əzmkarlığını görüb onunla razılaşır.
Beləliklə, orta məktəbi qurtarandan sonra o, sənədlərini Moskvadakı Kinematoqrafiya İnstitutuna verir və qəbul olunur. 1948-ci ildə rejissor Sergey Gerasimovun “Gənc qvardiya” filmində Marina xala roluna çəkilir. Bu rolu məharətlə oynadığına görə müəllimlərinin də rəğbətini qazanır. Bundan sonra o, “Üç görüş” və “Kapitanın vətəni” filmlərinə çəkilsə də, bu ekran əsərləri elə də uğurlu alınmır. Hətta aktrisa buna görə kinodan getmək istəyir.
Lakin 1949-cu ildə onun həyatı birdən-birə dəyişir. Rejissor İvan Pıryev Klaranı “Şən yarmarka” filminə dəvət edir. O, Sosialist Əməyi Qəhrəmanı Darya Şelest roluna çəkilir. Tərəf-müqabili isə gələcək həyat yoldaşı Sergey Lukyanov olur. Film hazır olandan sonra Sovet İttifaqının rəhbəri Stalin ona baxır və filmi də, Klaranın rolunu da bəyənir. Lakin ekran əsərinin adını dəyişib “Kuban kazakları” edir. Klara Luçko isə Dövlət mükafatına layiq görülür və ittifaq miqyaslı kino ulduzuna çevrilir. Hətta Kurqansk vilayətində aktrisanın heykəli də qoyulur.
Film ekranlara çıxandan bir il sonra Klara Luçko və Sergey Lukyanov ailə həyatı qururlar. 1952-ci ildə birgə “Vasili Bortnikovun qayıdışı” filminə çəkilirlər. Aktrisa hətta bu filmlə Kann kinofestivalında da iştirak edir. 1957-ci ildə onların Oksana adında qızları dünyaya gəlir. Cütlük 15 il birgə xoşbəxt ömür sürür. 1965-ci ildə Sergey infarktdan vəfat edir.
Aktrisa “On ikinci gecə”, “Qırmızı yarpaqlar”, “Qar nağılı” və s. filmlərdə də maraqlı rollar oynayıb. 1969-cu ildə Klara yazıçı və jurnalist Dmitri Mamleyevlə tanış olur. Bir müddətdən sonra aktrisa ikinci dəfə ailə həyatı qurur.
1979-cu ildə Klara Luçko rejissor Aleksandr Blankın “Qaraçı” telefilmində Klavdiya Puxlyakova roluna çəkilir. Hətta romanın müəllifi Anatoli Kalinin özü aktrisanı bu rola layiq görür. Baxmayaraq ki, aktrisanın 54 yaşı vardı, filmdə oynayacağı qəhrəman isə 40 yaşında idi. Uzun müddət filmdə baş rola - qaraçı Budulay Romanovun roluna aktyor tapa bilmirlər. Klara Luçko isə onlara vaxtilə 1977-ci ildə birlikdə çəkildiyi moldavan aktyoru Mixay Volontiri təklif edir. Beləliklə, film çəkilir və böyük uğur qazanır. Klara Luçkonun köhnə şöhrəti yenidən qayıdır. Aktrisa 1990-cı illərin ortalarına qədər filmlərə çəkilsə də, sonra uzun müddət kinodan ayrılır. Yalnız 75 yaşında rejissor Yuli Qusmanın “Sovet dövrünün parkı” filminə çəkilir. Aktrisa 2005-ci il martın 26-da, 79 yaşında dünyasını dəyişib. 2010-cu ildə onun haqqında “Gecikmiş məhəbbət” sənədli filmi çəkilib.
Səbinə Əlibalaqızı