Avqustun 12-də Yaponiyanın qərbində yerləşən Tokuşima şəhərində ölkənin ən populyar yay festivallarından biri olan Ava Odori rəqs festivalı başlayıb. Açılış mərasimində ənənəvi yukata və happi yay paltarları geymiş rəqs qrupları şəhərin altı müxtəlif yerində çevikliyi və gözəlliyi ilə seçilən Ava rəqsini ifa ediblər. Bu rəqs zamanı kişilərin hərəkəti çevikliyi, qadınların hərəkətləri isə zərifliyi ilə seçilir. Rəqs təbillərin, fleytaların və simli alət olan şyamisenin sədaları altında ifa olunur. Festivalların təşkilatçılarının bildirdiyinə görə, həftənin sonunadək davam edəcək festivalda 1 milyon 200 mindən çox tamaşaçı iştirak edəcək.