Göydələnin damında bağçalar salınacaq

Koreya Respublikasının paytaxtı Seulda iki qeyri-adi göydələnin sintezindən yaranmış bina tikiləcək. “Velo Towers” adlandırılan binaların layihə müəllifi ABŞ-ın “Asymptote Architecture” arxitektura şirkətinin mütəxəssisləridir.
Bir platforma üzərində yerləşdirilən göydələnlər silindrik formadadırlar. Göydələnlər əsasən platforma, silindrik korpuslardan və iki qülləni birləşdirən “hava” körpüsündən ibarətdir. Hər korpusun damında isə kiçik bağçalar salınıb.

Restoranda müştərilərə robot ofisiantlar xidmət göstərir

Çinin Kunşan şəhərində “Robot Restaurant” adlı yeni restoran açılıb. Burada müştərilərə robotlar xidmət göstərir. Restoranda robotlar müştərini qapıda qarşılayır, onu boş masa arxasında əyləşdirir, sifariş qəbul edir və onu gətirirlər. Maraqlıdır ki, robotlar “danışmağı” da bacarırlar. Yeni robotlaşdırılmış heyət adamlarla müqayisədə olduqca ucuz başa gəlir, çünki robotlara gün ərzində cəmi 2 saatlıq elektrik enerjisi lazımdır. Hər robot öz proqramını yerinə yetirir: bir neçə robot qonaqların qarşılanması ilə məşğul olur, digərləri mətbəxdə işləyir, hər robot müəyyən bir yemək hazırlayır, qalanları isə ofisiantlıq edir.

Londonda “Notting Hill” karnavalını 1 milyon insan izləyib

Avqustun sonunda Londonda ənənəvi “Notting Hill” karnavalı keçirilib. 1966-cı ildə Londonda yaşayan Karib dənizi hövzəsi ölkələri təmsilçiləri tərəfindən əsası qoyulan karnaval bu gün Avropanın ən böyük festivallarından hesab edilir. Karnavalda müxtəlif ölkələrin təmsilçiləri öz mətbəx nümunələrini nümayiş etdirir. Küçələrdə rəngarəng geyimlərlə bəzədilən və musiqi ilə müşayiət edilən karnaval karvanını 1 milyona yaxın insan izləyib.

Floridada kağız kitablardan imtina olunub

Florida Politexnik Universitetində tələbələr üçün yeni kitabxana istifadəyə verilib. Tanınmış memar Santyaqo Kalatravanın layihə əsasında yaradılan kitabxananın əsas xüsusiyyəti ənənəvi kağız kitabların olmamasıdır. Kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşetlərindən, noutbukdan elektron kitaba çıxış əldə edə bilərlər. Zərurət olduqda kitabxanada quraşdırılmış printerlərin köməyi ilə lazımi materialları çap etmək mümkündür.