Dünya turu


Vyetnam Asiyanın cənub-şərqində Hind-Çin yarımadasında yerləşir. Şimaldan Çin, qərbdən Laos və Kamboca ilə həmsərhəddir, şərq və cənub sahillərini Cənub Çin dənizi yuyur. Paytaxtı Hanoy şəhəridir. Ərazisi təxminən 331 min kvadrat kilometr, əhalisi 86 milyon nəfərdir. Alçaq və orta dağlıqlar ölkə ərazisinin 80 faizini təşkil edir. Ərazisində böyük və gur sulu Mekonq və Honqxa çayları axır. Ən böyük etnik qrup vyetlərdir (85%-dən çox), bundan başqa ölkədə çinlilər, kxmerlər, taylar və başqa millətlər yaşayır.

Gəzməli-görməli yerlər

Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, Budda məbədi və s. ilə turistləri cəlb edir. Vyetnam turizminin incisi Halonq (əjdaha) körfəzi hesab olunur. Körfəzi çoxları dünyanın səkkizinci möcüzəsi hesab edir. 1500 kvadrat kilometrlik dəniz ərazisində 1600-dək qəribə formada ada və qayalar səpələnib. Qışda orta temperatur +18-20, yayda +25 dərəcədən yuxarı olur. Çoxlu sayda meymunlar saxlanan Meymunlar adasına da gedə bilərsiniz. Şəhər bazarında ağ mərcanlar, balıqqulağı və dəniz mirvarisindən dekor və bəzək əşyaları satılır. Nyaçanq Vyetnamın məşhur turizm və kurort mərkəzidir. Axırıncı imperator Bao Pay burada özünün möhtəşəm yay sarayını tikdirib. Sarayda heyrətamiz okeanariumu olan Okeanologiya İnstitutu fəaliyyət göstərir.
Teynin şəhərində bir çox dinləri - buddizmi, daosizmi, xristianlığı, islamı özündə birləşdirən kaodaizmin əsas ziyarətgahı olan «Ulu məbəd» - Kaoday yerləşir. Yeri gəlmişkən, buddist məbədlərinə ayaqqabı ilə girmək, çıxarkən arxanızı məbədə çevirmək olmaz. Məbədin ətrafında isə saat istiqamətində dolanmaq, çəkiliş üçün pul ödəmək və icazə almaq lazımdır.
Ən çox turist cəlb edən yerlərdən biri də dağ kurortu Dalatdır. Kurort sərin iqlimi, həmişəyaşıl meşələri, mənzərəli gölləri və çayları ilə tanınır. Vyetnamın ən məşhur şəhərlərindən biri - Xoşiminin küçələri bazar, mağaza, kafe mərkəzidir.
Vyetnamın mağaza və bazarlarında ən aşağı qiymətlərlə yerli malları - təbii ipəkdən və nadir ağaclardan, sədəf və gümüşdən, daş, sümük və metaldan hazırlanmış məhsullar ala bilərsiniz. Paytaxt Hanoyda və ölkənin ikinci böyük şəhəri olan Xoşimində Avropa malları satılan çoxlu sayda ticarət mərkəzləri də fəaliyyət göstərir. Vyetnamda hər zövqə uyğun əyləncə tapmaq olar - fillərlə gəzintidən, ilanlı restoranlardan, timsah qoruğundan kazino və gecə klublarına kimi.

Turistlərin diqqətini cəlb edən bayramlar

Ölkədə keçirilən çoxsaylı bayramlar həm Vyetnam xalqının qədim adət-ənənələri və inancları, həm də daha sonralar baş verən tarixi hadisələrlə bağlıdır. Tet bayramı ay təqviminə əsasən hesablanır və baharın əvvəli hesab olunur. Bayramın gəlişinə bir neçə gün qalmış park və bağçalarda güllər əkilir. Xanımlar yapışqan düyüdən piroq bişirirlər. Bayram üçün uşaqlara əlvan rənglərdən, gənc qızlara zərif rəngli ipəkdən, orta yaşlı qadınlara bənövşəyi rəngli parçadan paltarlar tikilir. Gənclər küçə və meydanlarda bər-bəzəkli kağız və karton əjdahalar gəzdirirlər.
29 iyun - Buddanın doğum günü qeyd olunur. Budda məbədində rahiblər dini ayinlər yerinə yetirirlər. Bundan başqa, ölkənin tarixi-siyasi həyatı ilə bağlı (Qələbə günü - Sayqonun (indiki Xoşimin) azad edilməsi (30 aprel), Uşaqlar günü (1 iyun) və s. bayramlar da turistlərin diqqətini cəlb edir.

Mətbəx

Böyük şəhərlərdə hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla fərqlənir. Nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşayır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri geniş yayılıb. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib.
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə çox fərqlənir. Deyilənə görə, 500-ə yaxın milli yemək nümunəsi var. Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər də burada çox populyardır. Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklərdən istifadə edilir. Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Vyetnamlılar özləri mətbəxlərini belə xarakterizə edirlər: «Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad». Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Şimal daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Cənubda ədviyyatlardan çox istifadə olunur.
Yerli əhaliyə gəlincə, vyetnamlılar çox zəngin mədəniyyətə malik sülhsevər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər.

Mehparə